Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Dünən Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsi yekunlaşdı. Artıq 1/8 final cütləri də məlumdur. Yetərincə məhsuldar alınan mərhələdə təbii ki, maraqlı oyunlar da az olmadı. Darmadağınların göz oxşadığı raundun diqqətçəkən məqamları üzərində dayanmaq zamanıdır.
Darmadağınların altında yatan həqiqət
12 oyundan 8-i darmadağınla bitdi ki, bu da özlüyündə maraqlı faktdır. Əlbəttə, bol qol görmək istəyənlər üçün də belə qarşılaşmalar yetərincə cazibədar görünür. Bu nəticələrin əksəriyyəti aşağı liqa komandalarının rəqabətə tab gətirə bilməməsi, çempionatlar arasındakı böyük səviyyə fərqi ilə bağlıdır. Lakin elə matç da oldu ki, eyni liqanı təmsil edən kollektivlərdən biri digərinin daşını daş üstdə qoymadı. Daha doğrusu, yeganə gözlənilməz darmadağın MOİK - "Şahdağ Qusar" qarşılaşmasında qeydə alındı. "Hərbçilər"i Binə qəsəbə stadionunda 9:1 hesabı ilə üstələyən Qusar təmsilçisinin reallaşdırdığı nəticənin təhlili ayrıca yazı mövzusudur.
Gözlənilməz nəticə barədə nə dedilər?
İki çempionluğa oynayan kollektivin oyunundakı hesab barədə tərəflərin baş məşqçilərinin fikirlərini sizlərə çatdırmaq daha düzgün variantdır. Nazirlik komandasını meydana çıxdığına peşman edən qusarlıların baş məşqçisi Füzuli Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Statistikaya baxsaq, MOİK son dörd oyunda qələbə qazanıb və bu oyunların hamısında inamlı qalibiyyət əldə edib. Onların matçlarını izləmişik və oyunlarında ciddi inkişaf olduğundan xəbərdarıq. MOİK-lə çempionatın ilk turunda üz-üzə gəlmişdik. O vaxtdan bəri çox şey dəyişib. Rəqibin bütün mövqelərində yetərincə təcrübəli və keyfiyyətli futbolçular var. Futbolçularımızı təbii ki, bu barədə maksimum şəkildə məlumatlandırmışıq. Bilirik ki, bizi çox çətin, dramatik oyun gözləyir. Biz isə öz növbəmizdə çempionatda olduğu kimi, kubokda da iddialıyıq. MOİK-lə görüşə ciddi hazırlaşmışıq. Bu bizim üçün önəmli qarşılaşmadır. Qələbə qazanmaq və kubokda da mümkün qədər daha çox irəliləmək istəyirik".
Uduzan kollektivin çalışdırıcısı İlham Yadullayev də dinləyək: "Çox ağır məğlubiyyət aldıq. Gözlənilməz məğlubiyyət idi. Təbii, uduzmaq olar, amma belə məğlubiyyət barədə danışmaq, nəsə demək də çətindir. Futbolçulardan narazılığım yoxdur, oynadılar... Sadəcə olaraq hesab belə oldu. Oyunu izləyəcəyəm, analiz edəcəyik. Səbəblərə təhlillərdən sonra aydınlıq gələcək. Düşünürəm ki, uşaqlar da çalışdılar. Rəqib yaratdığı epizodlardan çox yaxşı istifadə etdi. Bizim də epizodlarımız var idi, lakin yalnız birindən faydalana bildik. Kubok matçındakı nəticənin çempionat matçına təsir etməməsi vacibdir. Bu nəticədən dərs çıxarıb yolumuza davam etmək istəyirik".
Bu mövsüm daha məhsuldardır
Ötən mövsümün 1-ci və 2-ci təsnifat mərhələri ilə cari "futbol ili"nin eyni raundlarını müqayisə edərkən son matçlarda daha böyük məhsuldarlıq görürük. Özü də matç sayı eyni olduğu halda, 25 qolluq fərq yetərincə ciddi göstəricidir. Maraqlıdır ki, ötən mövsüm baş tutan duellərin heç birində bir komanda digərinə 8-dən artıq qol vura bilməmişdi.
2025/26 (72 qol)
1-ciI təsnifat mərhələsi (23 qol)
Şəki Siti - Araz Saatlı 3:2
Quba - Xankəndi 1:2
Dinamo - Kür-Araz 3:2 (əlavə vaxtda)
Qaradağ Lökbatan - Ağdaş 8:0
Göygöl - Şəmkir 1:0
Ağstafa Gəncləri - Şirvan 1:0
2-ci təsnifat mərhələsi (49 qol)
Göygöl - Baku Sportinq 0:2
Karvan-Yevlax - Şəki Siti 3:1 (əlavə vaxtda)
Kəpəz - Ağstafa Gəncləri 6:1
Qaradağ Lökbatan - İmişli 2:3
Cəbrayıl - Şəfa 0:3
Dinamo - Turan Tovuz 0:5
Şimal - Şahdağ Qusar 0:2 (əlavə vaxtda)
Xankəndi - Difai 1:2
Zaqatala - Sumqayıt 0:3
Səbail - Şamaxı 0:1
Qəbələ - Mingəçevir 5:1
Neftçi - MOİK 6:2
2026/2027 (97 qol)
1-ci təsnifat mərhələsi (36 qol)
Marafon - Dinamo 3:0
Qaradağ Lökbatan - Şəki 12:0
Şirvan - Kür-Araz 1:3
Ağdaş - Hypers 1:6
Şəmkir - Ağstafa Gəncləri 1:5
Difai - Zəngəzur 1:3
2-ci təsnifat mərhələsi (71 qol)
Şimal - Araz-Naxçıvan 0:6
Marafon - Zaqatala 1:0
İmişli - Qaradağ Lökbatan 4:1
Kür-Araz - Sumqayıt 0:11
Qəbələ - Mingəçevir 3:0
MOİK - Şahdağ Qusar 1:9
Xankəndi - Gəncəbasar 2:3
Hypers - Şamaxı 1:5
Şəfa - Ağstafa Gəncləri 9:2
Zəngəzur - Karvan-Yevlax 1:4
Səbail - Zirə 2:2 (penaltilər - 2:3)
Kəpəz - Baku Sportinq 3:1

"Marafon" fərq yaradır
"Araz-Naxçıvan", "Marafon", "Sumqayıt", "Qəbələ", "Zirə", "İmişli", "Şamaxı", "Şahdağ Qusar", "Şəfa", "Kəpəz", "Gəncəbasar" və "Karvan-Yevlax" mərhələ adlayıblar. "Qarabağ", "Sabah", "Neftçi" və "Turan Tovuz" isə rəqiblərini növbəti mərhələdə gözləyir.
Oyunları 1-2 dekabrda baş tutacaq 1/8-in bütün cütlərini bir daha nəzərdən keçirək:
"Araz-Naxçıvan" - "Marafon"
"Sabah" - "İmişli"
"Sumqayıt" - "Qarabağ"
"Qəbələ" - "Şahdağ Qusar"
"Gəncəbasar" - "Şamaxı"
"Neftçi" - "Şəfa"
"Karvan-Yevlax" - "Zirə"
"Turan Tovuz" - "Kəpəz"
Ötən mövsüm də 1-ci Liqadan 1/8-ə qədər irəliləyənlər olmuşdu. "Şəfa", "Baku Sportinq", "Şahdağ Qusar" və "Difai" mübarizəni məhz bu raundda dayandırmışdılar. Aşağı liqa təmsilçiləri arasında uğur qazana bilənlərin sayı yenə 4-dür. Fərq ondadır ki, indi 1/8-də 2-ci Liqa təmsilçisini də var. 1-ci Liqa komandası "Zaqatala"nı minimal hesabla yenən Sabirabad təmsilçisi "Araz-Naxçıvan"la üz-üzə gəlmək hüququna sahib çıxıb. Xoş mənzərədir, deyilmi?
Nihat Ağasoy
