Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində iki 1-ci Liqa təmsilçisi - MOİK və "Şahdağ Qusar" arasında bu gün keçirilən oyun Qusar komandasının 9:1 hesablı qələbəsi ilə yekunlaşdı. Bölgə təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb darmadağını dəyərləndirməsini istədik.
Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Bu qarşılaşmaya böyük önəm verdiyimizi, oyuna səylə hazırlaşdığımızı matçdan öncə də demişdim. MOİK həqiqətən güclü komandadır. Özünüz də bilirsiniz ki, rəqibin heyətindəki futbolçular çox keyfiyyətli oyunçulardır.
Hə, böyükhesablı qələbə qazandıq, amma bu o demək deyil ki, MOİK zəif komandadır. Ola bilsin ki, ələ düşən imkanlardan yaxşı faydalandıq və bu məqam bizim işimizi yüngülləşdirdi. Rəqib çempionatda ardıcıl dörd qələbə qazanıb.
İlk hissədə çox böyük gərginlik var idi. Rəqib bir-iki epizodda bizə əməlli-başlı problem yaratmışdı. Elə sonrakı dəqiqələrdə də qarşı tərəfin təhlükəli həmlələri oldu. Lakin futbolçularım bu gərginliyə tab gətirərək oyun planımıza sadiq qaldılar. Qələbəyə, meydanda ortaya qoyduqları əzmkarlığa, yumruq kimi birləşdiklərinə görə futbolçularımın hər birinə təşəkkür edirəm".
Nihat