Estoniyanın Rakvere şəhərində 27 ölkənin yeniyetmə idmançılarının iştirakı ilə Georq Lurix (Georg Lurich) beynəlxalq güləş turniri keçirilib.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən yeniyetmə güləşçilərimiz yüksək idman ustalığı, əzmkarlıq və mübarizə əzmi nümayiş etdirərək uğurlu nəticələr əldə ediblər.
Gərgin və həyəcanlı keçən yarışlar nəticəsində komandamız ümumilikdə 7 medal qazanıb. İdmançılarımızın uğurunda məşqçilərimiz Taleh Məmmədov, Rafiq Hüseynov və Turac Hüseynlinin də mühüm rolu olub. Onlar yarış boyunca güləşçilərimizə həm peşəkar, həm də mənəvi dəstək göstərərək komandanın uğuruna töhfə veriblər. Azərbaycan komandası həm fəallığına, həm də qazandığı medalların sayına görə turnirin birincisi olub. Bu nəticə yeniyetmə idmançılarımızın hazırlıq səviyyəsini və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmək əzmini bir daha nümayiş etdirib.
Estoniya Azərbaycan İcması “Birlik” təşkilatının nümayəndələri də yarışda iştirak edərək idmançılarımıza dəstəklərini əsirgəməyiblər. İcma nümayəndələrinin güləşçilərimizin yanında olması onlara əlavə ruh yüksəkliyi verib və həmrəylik nümunəsinə çevrilib.