Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi növbəti görüşə çıxıb.
Fanat.Az xəbər verir ki, yığmamız İsrail (Israel) milisinə 3:1 hesabı ilə qalib gəlib.
Matçdan sonra Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Onun açıqlaması belə olub:
- Oyunla bağlı fikirləriniz nələrdir?
- Əsas məsələ qələbədir. Bu gün qalib gəldik və turnirdə qrupumuzdakı vəziyyətimizi yaxşılaşdırdıq. Uşaqlar da yaxşı oynadılar. Görünür ki, ilk matçdan bu görüşə qədər fərq var. Çünki ilk oyunda daha həyəcanlı idilər. Əsas odur ki, bu turnirdə iştirak etmək, təcrübə qazanmaq və fərqli ölkələri görmək lazımdır. Çünki dediyim kimi, bu, uşaqların karyeralarında böyük bir mərhələ olacaq. 15 yaşında beynəlxalq turnirdə iştirak etmək həmişə yaddaşlarda qalacaq.
- Sanki bu nəslin futbolçuları fiziki olaraq da daha yaxşı inkişaf ediblər. Siz də bunu hiss edirsinizmi?
-Bir az fərqlidir. Başqa ölkələrə baxsaq, məsəl üçün, Uruqvay (Uruguay) komandasını izlədim, onlar da bizim kimi fiziki cəhətdən yaxşıdırlar. Burada yaxşı komandalar çoxdur. İndi bu yaşda tam bir fikir demək olmur, çünki bilirsiniz ki, uşaqların inkişaf etmə dövrü 17-18, hətta 19 yaşa qədər davam edir. Yəni bu hələ dəyişəcək. Bu gün biz bu nəticə ilə kifayətlənib qəti qərar verə bilmərik, çünki 19-20 yaşına qədər hər şey dəyişə bilər.
- Ən həssas yaş dövrü məhz bu 15-16 yaşı hesab etmək olarmı? Bundan sonra futbolçuların keçid dövründə yeniyetmələrə nə məsləhət görərdiniz ki, peşəkar səviyyədə, ən azından A millidə çıxış edə bilsinlər və ölkəmizi beynəlxalq səviyyədə təmsil etsinlər?
- Mən bu yaşı yox, daha çox 17-19 yaş dövrünü qeyd edərdim. Azərbaycanda məhz bu yaşda müəyyən problemlər yaşanır. Çünki 17-19 yaş keçid dövrüdür. Məktəbi bitirmək, universitetə daxil olmaq və hərbi xidmət kimi məqamlar səbəbindən bir çox futbolçu karyeralarını davam etdirə bilmir. Lakin burada əsas iş klubların üzərinə düşür. Biz bu gün potensialı və istedadı olan futbolçulara daha çox fərdi yanaşmalıyıq. Klublar o potensialı itirməmək üçün bu istiqamətdə çox çalışmalıdırlar. Həqiqətən də bu gün yaxşı müdafiəçi və hücumçularımız var, onların fiziki göstəriciləri yüksək səviyyədədir. Biz belə futbolçuları itirməməliyik, çünki onlardan bizdə azdır. Gələcəkdə A milliyə daha çox namizəd yetişdirmək üçün hər klubda potensiallı gənclərə xüsusi diqqət yetirilməlidir.
Əlisahib İbrahimli