Beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübəyə malik Azərbaycan növbəti mötəbər futbol turnirinə - FİFA (FIFA) U-15 dünya çempionatı və festivalına ev sahibliyi edir. Dünyanın idman xəritəsində xüsusi "çəki"yə malik Bakı yenidən dünya futbol ictimaiyyətinin diqqət mərkəzindədir. SSRİ (USSR) yığması ilə Olimpiya çempionu adını qazanmış keçmiş yarımmüdafiəçi, Azərbaycan millisinin sabiq baş məşqçisi, hazırda "Sabah"ın idman direktoru qismində fəaliyyət göstərən İqor Ponomaryovla (Igor Ponomaryov) əlaqə saxlayıb ona şənbə günü başlayan turnirlə bağlı bir neçə sual ünvanladıq.
Ponomaryovun müsahibəsini təqdim edirik:
— Azərbaycanda tarixdə ilk dəfə keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı təşkil olunur. Bu tədbirin ölkəmiz üçün əhəmiyyətindən danışmağınızı istərdik.
— İlk növbədə, belə genişmiqyaslı beynəlxalq turnirin keçirilməsi bütün Azərbaycan futbolu üçün əlamətdar hadisədir. Bu, ölkəmiz üçün böyük şərəf olmaqla yanaşı, bizim təşkilatçılıq potensialımızı və yüksək səviyyəli yarışları qəbul etməyə hazır olduğumuzu bir daha nümayiş etdirmək imkanıdır.
Azərbaycan artıq nüfuzlu beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Şübhəsiz ki, burada idmanın, o cümlədən futbolun inkişafına yönəlmiş davamlı dövlət dəstəyi xüsusi rol oynayır. Dövlətin diqqəti sayəsində ölkəmizdə beynəlxalq miqyaslı yarışların keçirilməsi üçün zəruri şərait yaradılır.
Belə turnirlərin futbolun uzunmüddətli inkişaf strategiyasının bir hissəsinə çevrilməsi xüsusilə vacibdir. Qarşıda bizi daha bir böyük hadisə — Azərbaycanın Özbəkistanla (O‘zbekiston, Uzbekistan) birgə ev sahibliyi edəcəyi U-20 dünya çempionatı gözləyir. Bu, ölkəmizə beynəlxalq etimadın artdığını göstərir, futbolun inkişafı üçün yeni perspektivlər yaradır.
— Qısa müddətdə genişmiqyaslı təşkilati işlər görülüb. Hövsan İdman Kompleksi infrastruktur kimi nə vəd edir?
— Hövsan İdman Kompleksi Azərbaycan futbolunun gələcəyinə qoyulan mühüm sərmayədir. Ən başlıcası, belə infrastrukturun əhəmiyyəti bir beynəlxalq turnirin keçirilməsi ilə məhdudlaşmır. Yarışlar başa çatdıqdan sonra da bu obyektlər ölkəmizdə futbolun inkişafına xidmət edəcək.
Müasir idman infrastrukturu gənc futbolçuların hazırlanması, təlim-məşq toplanışlarının, ölkədaxili və beynəlxalq yarışların keçirilməsi üçün əlavə imkanlar yaradır. Bu, həmçinin məşq prosesinin keyfiyyətinin yüksəldilməsinə və gənc istedadların inkişafı üçün peşəkar mühitin formalaşmasına kömək edir.
Xüsusilə qeyd etmək istərdim ki, belə genişmiqyaslı işin qısa müddətdə həyata keçirilməsi prosesə cəlb olunan bütün tərəflərin birgə səyləri və dövlətin idman infrastrukturunun inkişafına xüsusi diqqəti sayəsində mümkün olub. Əminəm ki, kompleksin potensialından sonrakı illərdə də səmərəli istifadə ediləcək.
— Bu yarışlar ölkədə futbolun kütləviləşməsində hansı rolu oynayacaq?
— Əminəm ki, bu turnirin təsiri futbol meydanlarından çox-çox kənarda da hiss olunacaq. Azərbaycanda dünyanın müxtəlif guşələrindən gələn gənc futbolçuların çıxış etməsi yerli uşaqlar və yeniyetmələr arasında futbola əlavə maraq yaradır.
Bir çox azyaşlı azarkeş üçün həmyaşıdlarını beynəlxalq arenada görmək imkanı futbolla məşğul olmağa böyük stimul verə bilər. Bəlkə də bu gün həmin oyunları tribunadan izləyən uşaqlardan biri bir neçə ildən sonra özü Azərbaycan millisinin formasında meydana çıxacaq.
Bundan başqa, belə yarışlar valideynlərin, futbol məktəblərinin və geniş ictimaiyyətin diqqətini uşaq-gənclər futboluna yönəldir. Futbolumuzun güclü gələcəyini qurmaq üçün ən mühüm təməl də məhz kütləvilik və yetişməkdə olan nəslin bu idman növünə marağıdır.
— U-15 millimizdən gözləntiləriniz nələrdir? Gənc futbolçuların bu turnirdə qazanacaqları təcrübə gələcəkdə daha yuxarı yaş qrupları üzrə yığmalara necə kömək edəcək?
— Əlbəttə, hamımız millimizi uğurlu görmək istəyir və futbolçularımızın özlərini ən yaxşı tərəfdən göstərəcəklərinə ümid edirik. Amma bu yaşda komandanın çıxışını yalnız oyunların nəticələrinə görə qiymətləndirməzdim. Futbolçuların dəyərli beynəlxalq təcrübə qazanmaları, rəqabətin səviyyəsini hiss etmələri və öz güclərinə inamlarının artması daha vacibdir.
Müxtəlif futbol məktəblərinin nümayəndələrinə qarşı oyunlar gənc futbolçuların daha sürətlə inkişaf etməsinə, yüksək temp və psixoloji təzyiq şəraitində qərar verməyi öyrənməsinə imkan yaradır. Adi məşq prosesində belə təcrübəni tam şəkildə yaşamaq mümkün deyil.
Vəzifəmiz elə bir sistem qurmaqdır ki, istedadlı futbolçular yüksək hazırlıq səviyyəsini qoruyaraq, davamlı inkişaf edərək bir yaş kateqoriyasından digərinə uğurla keçə bilsinlər. Gələcəkdə məhz bu uşaqlar əvvəlcə gənclərdən ibarət yığmaların, daha sonra isə əsas millinin özəyini təşkil etməlidirlər.
Buna görə də turnirin uğurunu yalnız bugünkü nəticələrdə deyil, həm də beş və ya on ildən sonra futbolçularımızın inkişafına göstərəcəyi təsirdə görürəm.
— Sizcə, azərbaycanlı yeniyetmələrdən kimsə bu turnirdə parlaq oyun nümayiş etdirəcəkmi?
— Buna ürəkdən ümid edirəm. Azərbaycanda istedadlı uşaqlar var və ümumi vəzifəmiz onların bacarıqlarını tam üzə çıxara biləcəkləri şəraiti yaratmaqdır.
Belə turnirlər gənc futbolçulara özlərini tanıtmaq, güclü rəqiblərlə mübarizədə bacarıqlarını sınamaq və gələcək inkişafları üçün əlavə stimul qazanmaq baxımından gözəl imkan yaradır.
Digər tərəfdən, anlamaq vacibdir ki, futbolçu 14–15 yaşında yolunun hələ başlanğıcında olur. Hətta bir turnirdə parlaq çıxış etmək də uğurlu peşəkar karyeraya zəmanət vermir. Bunun üçün uzun illər zəhmət çəkmək, intizamlı olmaq, keyfiyyətli hazırlıq keçmək və öz işinə düzgün yanaşmaq lazımdır.
Çox istərdim ki, bu turnirdə gələcəkdə təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da haqqında danışılacaq yeni adlar görək. Ancaq daha vacibi budur ki, hər belə istedadın arxasında onun potensialını tam şəkildə ortaya qoymasına imkan verən səmərəli hazırlıq sistemi dayansın.
Fanat.Az