Futbolda “derbilər həftəsi” ifadəsi var. Adətən, eyni vaxtda dünyanın müxtəlif ölkələrinin çempionatlarında əzəli rəqiblər arasında qarşılaşmaların təsadüf etdiyi dövrə deyilir. Amma dəfələrlə müşahidə etmişik ki, çox vaxt əksər ölkələrin prinsipial oyunları üs-üstə düşür. Bu həftə dünya futbolunda məhz böyük derbilər və nəhəng qarşılaşmalar həftəsidir.
Konkret, Azərbaycanda da böyük maraqla izlənilən Türkiyə Super Liqasında "Qalatasaray" (Galatasaray) ilə "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) üz-üzə gələcək. Bazar ertəsi Bakı vaxtı ilə 22:30-da baş tutacaq İstanbul derbisində iki əzəli rəqib "RAMS Park"da üz-üzə gələcək. Hazırda turnir cədvəlində son çempion "Qalatasaray" 19 xalla liderdir, "Fənərbağça" isə 16 xalla onu təqib edir.
Bu həftəsonu həmçinin, bütün dünyanın gözü İspaniya "El-klasiko"sunda olacaq. "Real Madrid" - "Barselona" (Barcelona) qarşılaşması 25 oktyabrda baş tutacaq. Gecəyarısı (00:00) start götürəcək duel futbolsevərləri ekran başına kilidləyəcək.
İngiltərə Premyer Liqasında isə London derbisi var. "Çelsi" (Chelsea) - "Tottenhem" (Tottenham) oyunu şənbə günü saat: 20:30-da baş tutacaq. Londonun iki güclü təmsilçisi "Stamford Bridge" stadionunda üz-üzə gələcək. Baxmayaraq ki, "xoruzlar" hazırda ideal formada deyil.
İtaliya futbolu həvəskarları A Seriyasının mərkəzi oyununu maraqla izləyəcək. "Napoli" - "Roma" matçı sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Maraqlıdır ki, Azərbaycan Premyer Liqasında da "çempionluq matçı" bu həftəyə təsadüf edir. Son çempion "Sabah" ötən mövsüm uğurlu seriyasını qırdığı "Qarabağ"la qarşı-qarşıya gələcək. Mərdəkanda baş tutacaq duel 25 oktyabrda saat 18:00-da baş tutacaq.
Göründüyü kimi, bir çox prinsipial duellər üst-üstə düşəcək. Bu, təsadüfdürmü? Yoxsa püşkatma zamanı hansısa oxşar əməliyyat vacib oyunların bir həftəyə düşməsinə şərait yaradır?
Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Fanat.Az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:
"Həqiqətən də futbolla zəngin bir həftədir. Belə maraqlı və prinsipial görüşlərlə eyni vaxtda "Sabah" - "Qarabağ" oyununun da olması sevindiricidir. "Sabah" - "Qarabağ" matçının bu həftədə baş tutacağı elə püşkatma günü, həmin zalda açıqlanan təqvimdə öz əksini tapmışdı. Yəni sonradan hansısa müdaxilə, xüsusilə bu oyunlarla eyni gündə və ya eyni həftəyə düşməsi ilə bağlı hər hansı bir plan olmayıb. Sadəcə, rəqəmlərə uyğun olaraq, bu həftəyə təsadüf edib".
Mirağa