1-ci Liqanın 6-cı turu çərçivəsində dünən Binə qəsəbə stadionunda digər iddialı "Səbail"i qəbul edən "Şahdağ Qusar" 1:0 hesablı qələbə qazanaraq liderliyini möhkəmləndirdi. Qusar komandasının baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb önəmli qələbəni şərh etməsini istədik.
Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Əsas rəqiblərimizdən biri oyuna çox ciddi hazırlaşmışdıq. Bu qarşılaşmada qələbə qazanmağın vacibliyini bilirdik. Ötən tur uduzduğumuz üçün uşaqların üzərində müəyyən təzyiq var idi. Amma klub prezidenti Samir Xeyirbəyov, idman direktorumuz, menecerimiz hər zaman yanımızdadırlar. Komanda qurulan gündən onların dəstəyini hiss etmişik. Rəhbərliyin inamı təzyiqin götürülməsini şərtləndirən əsas amil oldu.
Rəqibi təhlil etmişdik. Bizə təhlükə yaradacaq məqamları müəyyənləşdirmişdik. Rəqibə qol epizodları vermədən 1:0 hesablı qələbə qazandıq. Bizim isə fərqlənmək üçün daha bir neçə imkanımız oldu. Şanslardan yararlansaydıq, bəlkə də böyük hesab qeydə alınardı. Futbolçularım meydanda əzmkarlıq göstərdilər. Uşaqlar meydanda layiqli mübarizə aparırdılarsa, uzun yol qət edərək bizi dəstəkləməyə gələn azarkeşlərin əməyi danılmazdır. Təbii ki, futbol onlarla gözəldir. Həm oyunçularımızın, həm də azarkeşlərimizin hər birinə təşəkkür edirəm".
Nihat (Nihat Kahveci)