Dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Sabah" doğma meydanda Dortmund "Borussiya"sı (Borussia Dortmund) ilə qarşılaşıb. "Bayquşlar 1:2 hesabı ilə məğlub olub.
Azərbaycan millisinin və "Sabah"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb oyunla bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Komandamızın nümayiş etdirdiyi oyun gözlədiyimizdən də yaxşı alındı. Təmsilçimiz bu qarşılaşmada həqiqətən təəccübləndirdi. Güclü rəqibə qarşı çox yaxşı və inamlı oyun sərgilədi.
Düzdür, matçın ilk dəqiqələrində müəyyən həyəcan hiss olunurdu. Rəqibin statusu öz sözünü deyirdi, üstəlik, qol da buraxıldı. Amma əsas məqam ondan ibarətdir ki, "Sabah" qol buraxdıqdan sonra çəkinmədi, tədricən öz oyununu tapmağa başladı və demək olar ki, qarşılaşmanın sonuna qədər rəqiblə başabaş mübarizə apardı. Hətta deyərdim ki, ikinci hissədə elə dəqiqələr var idi ki, "Sabah" rəqibindən üstün oynayır, onu öz cərimə meydançasına sıxışdırırdı. Sadəcə, qol imkanlarından istifadə etməkdə müəyyən çatışmazlıqlar var idi.
Bu oyun bir daha göstərdi ki, "Sabah" qarşıdakı matçlarda istənilən rəqibdən xal almaq gücündədir. İnanıram ki, komanda növbəti oyunlarda da uğurlu çıxışını davam etdirəcək. Mənə elə gəlir ki, "Napoli" ilə qarşılaşmada "Sabah" ən azı bir xal qazana bilər. "Barselona" (Barcelona) ilə oyunun nəticəsi barədə dəqiq fikir bildirmək çətindir, amma səfərdə Norveç təmsilçisi "Vikinq"dən (Viking) belə üç xal almaq mümkündür.
Bu baxımdan, "Sabah"ı təbrik edirəm. Komanda məğlub olsa da, Azərbaycan futbolu və klub futbolumuz adına qürurverici təəssüratlar yaşatdı. Bu cür oyunlar futbolçular, məşqçilər korpusu və bütövlükdə klub üçün inkişaf baxımından böyük əhəmiyyət daşıyır. Hər oyundan yeni təcrübə qazanır, gələcəyə doğru irəliləyirik. Düşünürəm ki, bu tempdə davam etsək, gələcəkdə daha yüksək səviyyəyə gələcək".
Əlisahib İbrahimli