"Heç kim toxunulmaz deyil!" - Mourinyu

"Heç kim toxunulmaz deyil!" -  Mourinyu
"Real Madrid"in baş məşqçisi Joze Mourinyu (José Mourinho, Jose Mourinho) braziliyalı vinger Vinisius Juniorla (Vinícius Júnior, Vinicius Junior) bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis komandada heç bir futbolçunun toxunulmaz olmadığını bildirib.
Vinisius cari mövsümdə əvvəlki formasını göstərməkdə çətinlik çəkir. Braziliyalı vinger İspaniya çempionatında saç dartma hadisəsinə görə dörd oyunluq cəza alıb.
Son həftələrdə Vinisiusun yoxluğunda çıxış edən Yan Diomande (Ousmane Diomande) diqqət çəkib. Fil Dişi Sahilindən olan futbolçu "Sevilya" (Sevilla) ilə görüşdə də fərqlənib.
Vinisiusun komandadakı yerinin təhlükə altında olub-olmadığı barədə suala Mourinyu belə cavab verib:
"Burada toxunulmaz olan yeganə şey klubun gerbidir. Mən toxunulmaz futbolçu anlayışını sevmirəm. Futbolçunu toxunulmaz edən onun statusu, kapitan sarğısı, klubda keçirdiyi illər və ya ona görə ödənilən məbləğ deyil. Onu toxunulmaz edən meydandakı çıxışıdır".
Mourinyu komandasının hazırkı səviyyəsinin arzuladığı nöqtədən hələ uzaq olduğunu da vurğulayıb. Onun sözlərinə görə, həm fərdi, həm də kollektiv baxımdan inkişaf etmək lazımdır.
"Real Madrid" kimi klubda tələblərin çox yüksək olduğunu anlayıram. Burada əvvəllər də üç il çalışmışam və vəziyyəti yaxşı bilirəm. İstiqamətimizi itirməməliyik. Qarşıda görüləsi çox iş var", - deyə portuqaliyalı mütəxəssis bildirib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər