"Qalatasaray" (Galatasaray) dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Lill"ə (Lille) qalib gəlib.
Fanat.Az xəbər verir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Okan Buruk oyundan sonra fikirlərini bölüşüb.
Okan Buruk bildirib ki, "Lill"lə görüşdən əvvəl qarşılarına iki məqsəd qoyublar. Çempionlar Liqasında səfər qələbəsi qazanmaq və ardınca derbidə qalib gəlmək.
"İlk məqsədimizə çatdıq. İndi bu oyunu geridə qoyub derbiyə hazırlaşmalıyıq. Beş gün sonra bizi vacib qarşılaşma gözləyir", - deyə türkiyəli mütəxəssis vurğulayıb.
Buruk komandasının oyunundan razı qaldığını bildirib:
"Matça başladığımız andan sonadək eyni istək və konsentrasiya ilə oynadıq. Daim hücum etməyə çalışdıq. Geriyə düşsək də, buna reaksiya verərək hesabı dəyişməyi bacardıq. Oyun intizamını qoruduq və daha yaxşı hücumlar qura bilsəydik, hesabı böyüdə bilərdik. Fasilədə soyunub-geyinmə otağında emosional müzakirələr oldu. Futbolçular epizodları müzakirə edirdilər. Onların belə reaksiya verməsi çox yaxşıdır. İkinci hissədə bunu meydanda da göstərdilər".
Okan Buruk “Lill”lə oyunda ləğv edilən penalti qərarını düzgün hesab etdiyini bildirib. O, əvvəlki “Sportinq” (Sporting, Sporting CP) matçındakı hakim idarəçiliyini isə tənqid edib.
Əlisahib İbrahimli