FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan U-16 milli komandasının Hövsan Yarış Kompleksində açıq məşqi təşkil olunacaq.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Oktyabrın 22-də, saat 16:30-da başlayacaq məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq. Məşqdən əvvəl baş məşqçinin iştirakı ilə brifinq keçiriləcək.
Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Komanda oktyabrın 25-də, saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya (Australia) yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Milli komanda oktyabrın 26-da, saat 11:30-da İsrail (Israel), saat 18:15-də isə Haiti (Haïti) yığması ilə həmin meydançada üz-üzə gələcək.
Qeyd edək ki, 189 ölkənin iştirakı və 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək. FIFA U-15 Dünya Çempionatı və Festivalına oktyabrın 30-da yekun vurulacaq.