Almaniyanın “Bayern Münhen" (Bayern München, Bayern Munich) klubunun hücumçusu Harri Keyn (Harry Kane) UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
Mənbənin məlumatına görə, ingiltərəli futbolçu turnirin əsas mərhələsində "Arsenal"la qarşılaşmada penaltidən qol vuraraq ardıcıl 10-cu Çempionlar Liqası matçında fərqlənib. Bununla da o, turnir tarixində bu göstəriciyə çatan ikinci futbolçu olub.
Keyn oyunda əvvəlcə Alfonso Deyvisin (Alphonso Davies) qoluna məhsuldar ötürmə verib, daha sonra penaltini dəqiq yerinə yetirib. Lakin Münhen təmsilçisi üstünlüyünü qoruya bilməyib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Hazırda Çempionlar Liqasında ardıcıl oyunlarda qol vurmaq rekordunu Kriştianu Ronaldu (Cristiano Ronaldo) saxlayır. Portuqaliyalı ulduz 2017/2018 mövsümündə "Real Madrid"in heyətində ardıcıl 11 matçda fərqlənib.
Beləliklə, Keyn Ronaldunun rekordunu təkrarlamaq üçün növbəti Çempionlar Liqası oyununda da qol vurmalıdır.
Əlisahib İbrahimli