"Dortmund "Borussiya"sının zəif tərəflərindən istifadə etmək mümkün idi" - Şahin Diniyev

"Dortmund "Borussiya"sının zəif tərəflərindən istifadə etmək mümkün idi" -  Şahin Diniyev

Dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Sabah" doğma meydanda Dortmund "Borussiya"sı (Borussia Dortmund) ilə üz-üzə gəlib. "Bayquşlar 1:2 hesabı ilə uduzub.

Yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb əlaqə saxlayıb matçla bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Maraqlı bir oyun alındı. Düşünürəm ki, Çempionlar Liqasına layiq bir qarşılaşma izlədik. “Borussiya” tərəfindən gözləntilərimiz bir qədər fərqli idi. Almaniya klubu həm keyfiyyət, həm də səviyyə baxımından Avropanın nəhəng komandalarından biridir. Düzdür, son zamanlar işləri o qədər də yaxşı getmir. Həm daxili çempionatda, həm də Çempionlar Liqasında uğursuz nəticələr əldə etmişdilər. Artıq itirəcəkləri bir şey yox idi. Bakıya yalnız üç xal qazanmaq üçün gəlmişdilər. Düzdür, buna nail oldular, ancaq asanlıqla qalib gəlmədilər.

Sadəcə düşünürəm ki, “Sabah” özündən gözləniləndən artığını bacardı. Böyük rəqib qarşısında aciz görünmədi. Düzdür, futbolçuların keyfiyyəti və komandanın səviyyəsi baxımından rəqibdən geri qalırdı. Buna baxmayaraq, istək və motivasiya yüksək səviyyədə idi. Futbolçular öz oyunlarını göstərməyə çalışırdılar.
Bu baxımdan, birinci hissənin ilk 15 dəqiqəsində “Borussiya” meydanda, demək olar ki, dominantlıq etdi. İkinci yarının başlanğıcında da belə oldu. Hesabda önə keçirən qolu vurdular. Bundan sonra artıq hesabı qorumağa çalışan komandaya çevrildi.
Oyun asan keçmədi. Statistikaya baxanda da bunu görmək mümkündür. Düşünürəm ki, hesab oyunun gedişatına uyğun idi. Ancaq bir qədər bəxtimiz gətirsəydi, biz də qol vura bilərdik. Statistikaya əsasən, rəqib qapıya təxminən 22-23 zərbə endirib. Biz isə bunun təxminən yarısı qədər, 10-11 zərbə vurmuşuq.
Düşünürəm ki, bu, gözlədiyimiz “Borussiya” deyildi. Ondan daha yaxşı oyun gözləyirdik. Rəqibin zəif tərəflərindən istifadə etmək mümkün idi. Bununla belə, hesab edirəm ki, “Sabah” özünü yaxşı tərəfdən göstərdi və ümumilikdə bu oyunda böyük təcrübə qazandı. Ən başlıcası, böyük komanda olan “Borussiya”nın qarşısında aciz görünmədi. “Sabah”ı təbrik edirəm, gələcək oyunlarında uğurlar arzulayıram!"
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər