Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Son bir həftədə Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda iki oyun keçirən "Sabah" iki fərqli hiss yaşa(t)dı. Ötən çərşənbə günü Çexiya "Slaviya"sını (Slavia, Slavia Prague) qəbul edən "bayquşlar" rəqibini əliboş (2:0) yola saldısa, bu dəfə daha adlı-sanlı rəqibinə - Dortmund "Borussiya"sına (Borussia Dortmund) uduzdu. Əslində, "uduzdu" təyini ağır səslənir, "əlindən qaçırdı" demək daha doğru olar. Azarkeşlər də məğlubiyyətin acısından çox, mümkün xalın əldən çıxmasına üzülür...
Ümid, cəsarət və həlledici olan ustalıq
Sözsüz ki, rəqibi xüsusi təqdim etməyə ehtiyac yoxdur. Dortmundlular bundan əvvəl avrokuboklarda digər təmsilçilərimizlə - "Qarabağ" və "Qəbələ" ilə qarşılaşmış və cüt matçların hamısında qalib gəlmişdi. Çempionlar Liqasının 3-cü turunda Almaniya nəhəngini qəbul edən "Sabah"a daha çox inam var idi. Həm də ona görə ki, bu dəfə rəqib fərqli durumda idi, optimal formada deyildi. "Arılar" son iki matçda qol vura bilməmişdi. Üstəlik, Bakıya itkilərlə gəlmişdilər. Xüsusilə istedadlı yunan yarımmüdafiəçisi Karetsasın "Union"la (Union Berlin) matçda zədələnməsi işimizə yaraya bilərdi. Baxmayaraq ki. heyətində Seru Girassi (Serhou Guirassy), Fabio Silva (Fábio Silva), Cob Bellingem ("Real"lı Cudun qardaşı), Çukvuemeka (Carney Chukwuemeka), Sabitser (Marcel Sabitzer) kimi usta futbolçuları olan rəqib qarşısında bir-iki itki bizim üçün cüzi ümid sayılmalıdı.

Valdas Dambrauskasın komandası yaxşı formadadır və hər dəfə bunu meydanda nümayiş etdirir. "Borussiya" ilə matçda da təmsilçimiz özünü yaxşı tərəfdən göstərərək növbəti dəfə azarkeşlərin rəğbətini qazandı. Adlı-sanlı rəqibi qarşısında çəkinməyən "Sabah" 90 dəqiqə ərzində bir dəfə də olsun vaxt aparmadı, oyunun tempini aşağı salmadı. Gözəl futbol oynamağa çalışan "bayquşlar" pressinq tətbiq edərək almaniyalılardan top "oğurlamağ"a çalışsa da, əksər hallarda buna nail olmurdu. Ancaq yorulmadan rəqibin üzərinə gedən təmsilçimiz xüsusilə ilk yarının son 15 dəqiqəsində dortmundluları xeyli tərlətdi. Düzdür, Girassinin erkən qolu ilə üstünlüyə yiyələnən "sarı-qaralar" sanki geridə oynamaqdan narahat deyildi. Ancaq hissənin sonunda Eyden Makkartinin (Aiden McCarthy) standart vəziyyətdən sonra hesaba tarazlıq gətirməsi rəqibi ayıltdı. Almaniya nəhəngi ikinci hissəyə də qolla başladı. Yenə Girassi sanbalını nümayiş etdirdi.
Matçı taleyini məhz təcrübə həll etdi. Almanlar ağıllı oynayaraq qələbə hesabını qorumağı bacardılar. Halbuki, bir neçə dəfə, xüsusilə Kahim Parris (Kaheim Parris) və Patrik Mbinanın (Patryk Mbina) epizodlarında fərqlənmək üçün şanslarımız oldu...
Sürpriz olmasa da...
Bəli, möcüzə olmadı, amma hansısa səbəb axtarmağa gərək yoxdur. Matçın favoriti “Borussiya” idi, "Sabah"ın sürprizə gücü çatmadı. Amma Dambrauskasın yetirmələri bütün güclərini ortaya qoydular. Amma səviyyə və dortmundluların uğursuz gedişata nəhayət son qoymaq əzmi həlledici oldu.
Çempionlar Liqası kimi turnirdə təsadüflərə yer olmadığı reallıqdır. Burada əsasən güclülər qalib gəlir. Əsas odur ki, “Sabah” "divlər"in yarışında qapazaltı deyil və bunu rəqibdən asılı olmayaraq, göstərə bilir. Yarışın ən təcrübəsiz, ən aşağı büdcəli komandası olmasına baxmayaraq, hətta "Borussiya" kimi nəhənglə oyundan sonra "xal qazana bilərdi" qınağına tuş gəlirsə, bu, təmsilçimizin adına müsbət məqamdır. Yeri gəlmişkən, "Sabah"ın ötən turda məğlub etdiyi “Slaviya” dünən İstanbulda “Fənərbağça”dan (Fenerbahçe, Fenerbahce) xal almağı bacardı.
Növbəti rəqib “Vikinq” (Viking, Viking FK) olacaq. "Bayquşlar"ın Norveç çempionu ilə oyundan xalla dönmək üçün sona qədər mübarizə aparacağına inanırıq. Halbuki, həmin "Vikinq" ötən həftə "Borussiya"nın "böyüyü" "Bayern Münhen"i (Bayern München, Bayern Munich) Almaniyada büdrədib. Ancaq Norveç təmsilçisi də "Sabah" kimi, usta oyunçulardan qurulan komanda yox, meydana ürək qoyan rəqibdir. Dambrauskasın yetirmələri bu matçı döyüşərək qazana bilər…

Mütəxəssislər nə deyir?
Matçın ardından tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq müdafiəçisi və baş məşqçisi Arif Əsədovun fikirlərini öyrəndik: "Komandamızın "Borussiya" ilə qarşılaşmada nümayiş etdirdiyi oyun gözlədiyimizdən də yaxşı alındı. Təmsilçimiz bu qarşılaşmada həqiqətən təəccübləndirdi. Güclü rəqibə qarşı çox yaxşı və inamlı oyun sərgilədi. Düzdür, matçın ilk dəqiqələrində müəyyən həyəcan hiss olunurdu. Rəqibin statusu öz sözünü deyirdi, üstəlik, qol da buraxıldı. Amma əsas məqam ondan ibarətdir ki, "Sabah" qol buraxdıqdan sonra çəkinmədi, tədricən öz oyununu tapmağa başladı və demək olar ki, qarşılaşmanın sonuna qədər rəqiblə başabaş mübarizə apardı. Hətta deyərdim, ikinci hissədə elə dəqiqələr var idi ki, "Sabah" rəqibindən üstün oynayır, onu öz cərimə meydançasına sıxışdırırdı. Sadəcə, qol imkanlarından istifadə etməkdə müəyyən çatışmazlıqlar var idi.
Bu baxımdan, "Sabah"ı təbrik edirəm. Komanda məğlub olsa da, Azərbaycan futbolu və klub futbolumuz adına qürurverici təəssüratlar yaşatdı. Bu cür oyunlar futbolçular, məşqçilər korpusu və bütövlükdə klub üçün inkişaf baxımından böyük əhəmiyyət daşıyır. Hər oyundan yeni təcrübə qazanır, gələcəyə doğru irəliləyirik. Düşünürəm ki, bu tempdə davam etsək, gələcəkdə daha yüksək səviyyəyə gələcək.
Bu oyun bir daha göstərdi ki, "Sabah" qarşıdakı matçlarda istənilən rəqibdən xal almaq gücündədir. İnanıram ki, komanda növbəti oyunlarda da uğurlu çıxışını davam etdirəcək. Mənə elə gəlir ki, "Napoli" ilə qarşılaşmada "Sabah" ən azı bir xal qazana bilər. "Barselona" (Barcelona) ilə oyunun nəticəsi barədə dəqiq fikir bildirmək çətindir, amma səfərdə Norveç təmsilçisi "Vikinq"dən belə üç xal almaq mümkündür".
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub.
