"Sabah"ın almaniyalı forvardı Coy Lens Mikels (Joy-Lens Mickels) UEFA Çempionlar Liqasının əsas mərhələsində Dortmund (Borussia Dortmund) "Borussiya"sına (Borussia Dortmund) 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, hücumçu bu qarşılaşmanın onun üçün xüsusi məna daşıdığını vurğulayıb:
"Bu, mənim üçün çox özəl, bəlkə də ən xüsusi oyunlardan biri idi. Çünki doğma ölkəmin təmsilçisinə qarşı meydana çıxırdım. Yaxşı mübarizə apardıq. Xüsusilə "Dortmund"un qolundan sonra ilk hissədə oyuna nəzarət edən tərəf biz idik. Təəssüf ki, vurduğum qol hesabı bərabərləşdirmək üçün yetərli olmadı. Eşitdiyimə görə, qol epizodunda ayaqqabım cüzi fərqlə ofsayd mövqeyində olub. Bu, məni çox məyus edir. Düşünürəm ki, bu qarşılaşmadan lazımi nəticələri çıxaracağıq. "Dortmund"a 1:2 hesabı ilə uduzmağımız və hətta 1:1-dən sonra daha bir qol vurmaq şansımızın olması komandamızın potensialını göstərir. Futbolda bəzən hər şeyi kiçik detallar həll edir. Ən azı bir xal əldə edə bilmədiyimiz üçün təəssüflənirik. Bu məğlubiyyəti həzm etmək çətindir. Çünki "Dortmund"dan xal almağa çox yaxın idik. Ancaq həyat davam edir. İki həftə sonra Norveçdə "Vikinq"lə (Viking) qarşılaşacağıq".
Forvard "Borussiya"nın futbolçularının səviyyəsindən də danışıb:
"Karni Çukvuemeka (Carney Chukwuemeka) ilə formalarımızı dəyişdik. Niko Şlotterbek (Nico Schlotterbeck) də məndə xoş təəssürat yaratdı. Onları əvvəllər televiziyada izləyirdim, indi isə niyə bu qədər diqqət çəkdiklərini özüm də gördüm. Xüsusilə hücumların təşkilində çox yüksək səviyyədə oynayırlar. "Dortmund" həqiqətən də güclü komandadır. Rəqibimizin keyfiyyətli futbolçulara sahib olduğunu bilirdik və bizi çətin oyunun gözlədiyini anlayırdıq. Belə komandalar rəqibin zəif tərəfini hiss edən kimi təzyiqi artırırlar. Təəssüf ki, hazırda bizdə onların malik olduğu futbolçu keyfiyyəti hələ yoxdur".
Əlisahib İbrahimli