Aslan Kərimov "Sabah" - "Qarabağ" oyunundan gözləntilərini açıqladı

Aslan Kərimov "Sabah" - "Qarabağ" oyunundan gözləntilərini açıqladı

Misli Premyer Liqasının 9-cu turunda "Sabah" doğma meydanda "Qarabağ" ilə qarşılaşacaq.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb derbi ilə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Son oyunlarda “Sabah”ın performansı həqiqətən də çox yaxşıdır. Düzdür, bunu hər iki cəbhədə eyni səviyyədə edə bilirmi? Bu, bir qədər sual doğura bilər. Çünki istər-istəməz "Slaviya"ya (Slavia Praha, Slavia Prague) qalib gəlmək, "Mançester Yunayted"lə (Manchester United) oynamaq, daha sonra "Borussiya Dortmund"la (Borussia Dortmund) mübarizə aparıb onlardan geri qalmamaq ümumi nəticədə məğlub olsaq da, hesab edirəm ki, çox yaxşı oyun keçirdilər. Əlbəttə ki, bu oyundan xal da qazana bilərdik. Qol imkanlarımız da oldu.

"Sabah" haqqında dediyim sözləri “Qarabağ” haqqında deyə bilmirəm. Ağdam təmsilçisi yenə də güclüdür, yenə də təhlükəli rəqibdir. Azərbaycan çempionatında çıxış edən istənilən komanda üçün çox təhlükəli rəqib sayılır. “Qarabağ”a qalib gəlmək həddindən artıq çətindir, hətta hazırkı vəziyyətində belə çünki komanda böyük təcrübəyə malikdir. Bunu "Neftçi" ilə oyun da göstərdi. Bəlkə də matçın 70-75 dəqiqəsində "ağ-qaralar" həqiqətən də "Qarabağ"dan daha yaxşı, daha aktiv və daha istəkli oynayırdı. Amma istər-istəməz "Qarabağ"ın adı, hegemonluğu və futbolçularının səviyyəsi oyunun son dəqiqələrinə qədər tədricən tarazlaşmasına şərait yaratdı.
Hər halda, "Neftçi" nə qədər yaxşı çıxış etsə də, "Qarabağ"ı tam zərərsizləşdirə bilmədi. Burada, yeri gəlmişkən, qeyd etmək lazımdır ki, istər "Sabah" - "Neftçi", istər "Neftçi" - "Qarabağ", istərsə də "Qarabağ" - "Sabah" oyunlarında meydan sahibi və qonaq komanda amili artıq o qədər də fərq yaratmır. Azarkeş kütləsi baxımından da mənə elə gəlir ki, istənilən halda, məsələn, "Neftçi" "Qarabağ"ın qonağı olanda azarkeşlərin sayı təxminən bərabər idi. "Sabah"la oyunda da vəziyyət oxşar olacaq. Bizim çempionatda oyunlardakı azarkeş izdihamı Türkiyədəki kimi deyil. Məsələn, "Qalatasaray" (Galatasaray) "Fənərbağça"nın (Fenerbahçe, Fenerbahce) meydanında oynayanda, kiçik bir qrup "Qalatasaray" azarkeşi istisna olmaqla, demək olar ki, bütün stadion "Fənərbağça" azarkeşləri ilə dolu olur. Həmin azarkeşlərin səsi də çox vaxt eşidilmir. Eyni vəziyyət əksinə də müşahidə olunur.
Bu baxımdan hesab edirəm ki, bu oyunda meydan sahibi və ya qonaq komanda amili o qədər də hiss olunmayacaq. Burada əsas məsələ "Dortmund"la matçdan sonra qısa zaman ərzində "Sabah"ın ardıcıl qarşılaşmalara çıxması və "Qarabağ"la görüşə də eyni gücdə hazır ola bilməsidir. Bu, "Sabah" üçün müəyyən qədər problem yarada bilər.
Hər halda, bizi yaxşı və maraqlı oyun gözləyir. Hər iki komandanın hücum xətti çox güclüdür. Məsələn, "Neftçi" - "Qarabağ" görüşü 3:3 hesabı ilə başa çatdı. Həqiqətən də "ağ-qaralar"ın son matçlarda hücum xəttində çıxış edən futbolçuları komandanın gücünə güc qatıb. "Qarabağ"ın isə potensialı onsuz da bəllidir. Futbolçular meydana daxil olub özlərini toparladıqdan sonra sürətli oynamağı bacarırlar. Komandanın iti və sürətli oyunçuları var. Bir-birlərinə tam uyğunlaşmasalar belə, fərdi keyfiyyətləri sayəsində sürətli oyun nümayiş etdirə bilirlər. "Neftçi" ilə görüşdən vurulan qollardan birinə baxsaq, görərik ki, künc zərbəsindən sonra, demək olar ki, heç nədən qol yaratmağı bacardılar. Yəni kombinasiyalı oyundan daha çox, fərdi ustalıq hesabına nəticə əldə edə bilirlər.
"Sabah"da da vəziyyət müəyyən mənada belədir. Komandanın "Dortmund"a qarşı keçirdiyi oyunda bəlli bir strategiyası var idi. Amma hücumda nə qədər sürətli oynayırsansa, müdafiədə də bir o qədər etibarlı olmalısan. "Sabah" bunu "Qarabağ"la görüşdə qoruyub saxlaya biləcəkmi? Bunu demək mənim üçün çətindir. Çünki qeyd etdiyim kimi, ardıcıl olaraq bu qədər oyun keçirmək asan deyil. Futbolçular bəzən bunun öhdəsindən gələ bilirlər, amma bu, çox çətin olur.
Ona görə də bu oyunda, "Neftçi" - "Qarabağ" qarşılaşmasında olduğu kimi, qalibin kim olacağı hələ müəyyən deyil. "Sabah"ın oyunu baxımından da eyni fikirdəyəm. Hələlik hansısa komandaya açıq üstünlük verə bilmirəm. Düzünü desəm, iki mövsüm əvvəl olsaydı, çıxışına və futbolçularının keyfiyyətinə görə "Qarabağ"ı üstün saya bilərdik. Amma bu turda, bu çempionatda bunu demək çətindir. Burada yalnız detallar həlledici rol oynaya bilər. Matçı səbirsizliklə gözləyirik. Məncə, şanslar bərabərdir. Bu oyunda tərəflərin xal qazanmaq baxımından ən real ehtimalı heç-heçədir".
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər