"Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı (Borussia Dortmund) ilə qarşılaşdı. Gərgin keçən mübarizədən təmsilçimiz məğlub ayrıldı (1:2). "Bayquşlar"ın rəqiblərinin də nəticələri artıq bəllidir. Bir sözlə, 4 noyabr "Vikinq" (Viking) səfəri öncəsi tablo aydındır.
Fanat.Az "Sabah"ın ÇL-dəki rəqiblərinin nəticələrini təqdim edir:
"Sabah"ın 1-ci turda qarşılaşdığı və 0:4 hesabı ilə məğlub olduğu "Mançester Yunayted" (Manchester United) səfərdə İtaliya klubu "Komo"ya (Como) uduzub (1:4). Ölkə təmsilçisinin Bakıda 2-ci turda 2:0 hesabı ilə qalib gəldiyi "Slaviya" (Slavia Praha, Slavia Prague) isə Türkiyə nəhəngi "Fənərbağça"dan (Fenerbahçe, Fenerbahce) 1 xal qoparmağı bacarıb (2:2).
Masazır təmsilçisi noyabrın 5-i saat 00:00-da səfərdə "Vikinq"lə qarşılaşacaq. Üç xal gözündə baxılan rəqib Almaniya nəhəngi "Bayern Münhen"lə (Bayern München, Bayern Munich) qarşılaşmada şok yaşatdı desək, yalan olmaz. Norveç klubu öz meydanında rəqibinə diş göstərərək bir xal almağı bacardı (3:3). Bu isə onların elə də zəif rəqib olmadığının göstəricisidir. Ad olaraq tanınmış futbolçuları olmasa belə, oyun sistemi və taktikası baxımından özlərini bu matç ilə futbol dünyasına tanıtdılar. Göstərdilər ki, rəqib dünya nəhəngi, dəfələrlə ÇL qazanmış olsa da, onlardan xal almaq mümkündür.
"Sabah"a gəlincə, ölkə təmsilçisi son iki turda möhtəşəm oyunu ilə diqqət çəkdi. "Slaviya"dan 3 xal almağı bacardıq. Dortmund "Borussiya"sı ilə matçda isə "Sabah" yaxşı çıxış etdi. Bir qədər şans gətirsəydi, həmçinin, bəzi imkanlardan yararlanmağı bacarsaydıq, almanlardan 1 xal ala bilərdik. İstənilən halda, Valdas Dambrauskasın tələbələri bu cür rəqibə qarşı möhtəşəm oyun nümayiş etdirdi.
"Vikinq" səfərindən sonra rəqibimiz öz sözünü bütün dünyada demiş və ölkəmizdə də çoxlu sayda azarkeşi olan "Barselona" (Barcelona) olacaq. İspanlar son matçda PSJ-yə (Paris Saint-Germain) 2:4 hesabı ilə məğlub oldular. "Barselona"nın ÇL-in Liqa mərhələsinin 1-ci turunda "Feyenoord"u 5:1, 2-ci mərhələdə isə "Qalatasaray"ı (Galatasaray) 4:1 məğlub etdiyini də xatırladaq. "Sabah"dan bu matçda sürpriz gözləmək çətindir. Oyunçu keyfiyyəti, ÇL-dəki təcrübə, komanda dəyəri və sair reallıqları göz önünə gətirmək lazımdır. "Bayquşlar" məğlub olsalar belə, özünəxas cəsarətlə mübarizə aparmalı və "Sabah"ın oyununu dünyaya göstərməyə davam etməlidir.
Dekabrın 12-də yenə başqa bir İspaniya klubu olan "Vilyarreal" (Villarreal) ilə üz-üzə gələcəyik. "Sarı-mavilər" ilk turda "Sabah"ın da rəqibi olan "Borussiya Dortmund"la qarşılaşıb və 2:3 hesabı ilə məğlub olublar. "Vilyarreal" 2-ci oyunda "bayquşlar"ın qarşılaşacağı daha bir komanda ilə - "Napoli"ylə üzləşib, 3:1 hesablı qələbə qazanıb. 3-cü turda isə "Liverpul"la (Liverpool) matçda bərabərliyə yaxınlaşsalar da, sonda 3:4 hesabı ilə uduzublar. "Vilyarreal"ın göstəricilərinə baxdıqda, 1 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə əldə edib. "Sabah" hücum oyununu sevən komandadır və müəyyən qədər "Vilyarreal"a qarşı fürsətlər tapacaq. Çünki rəqib hər oyunda qol buraxıb, arxa xətti tam etibarlı deyil. Lakin bu epizodları dəyərləndirmək lazımdır. Səfərdə oynayacağıq, ancaq bu görüşdən xal əldə etmək mümkün kimi görünür.
"Bayquşlar"ın digər rəqibi isə yanvarın 20-də qarşılaşacağı "Napoli"dir. İlk turda "Arsenal" ilə qarşılaşan, 0:1 hesabı ilə məğlub ol, növbəti sınağında qeyd etdiyimiz kimi, "Vilyarreal"a uduzan İtaliya klubu son turda "Budyo-Qlimt"ə (Bodo/Glimt) 4:3 qalib gəlməyi bacarıb. Hazırda italyanların 3 xalı var. Yalnız ÇL-də yox, elə İtaliya A Seriyasında da problemlərinin olduğu görünür. "Napoli"yə qarşı diqqətli oynamaq lazımdır.
Məlum olduğu kimi, "Sabah"ın Liqa mərhələsindəki sonuncu görüşü ötən mövsüm İngiltərə çempionu olan "Arsenal"la olacaq. İlk turda "Napoli"ni 1:0 yenən "topçular" ikinci görüşdə Fransa təmsilçisi "Lill"ə (Lille) şans tanımamışdı (3:0). "Arsenal" üçüncü turda "Bayern Münhen"lə qarşılaşıb. Gərgin keçən mübarizədən tərəflər bir xala razı olublar (2:2). Sözsüz ki, "Sabah"dan səfərdə ingilislərə qarşı yalnız asan təslim olmamaq və baxımlı oyun göstərməyi gözləmək olar. Həm də indi "Vikinq"lə növbəti oyuna fokuslanmaq lazımdır...
Əlisahib İbrahimli