Misli Premyer Liqasının 9-cu turunda "Sabah" doğma meydanda "Qarabağ" ilə qarşılaşacaq.
Yığmamızın sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb derbi ilə bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Düşünürəm ki, çempionatın ən gərgin matçlarından biri olacaq. Liderliyə, çempionluğa oynayan iki komandadır. Ona görə də bu, altı xallıq bir görüşdür.
"Qarabağ" "Sabah"ı, "Sabah" da "Qarabağ"ı daha yaxşı tanıyır, yəni bir-birlərinə bələddirlər. Analiz baxımından komandalar artıq kimin nəyə qadir olduğunu bilirlər. Düşünürəm ki, belə oyunda futbolçuların əlavə motivasiyaya ehtiyacı yoxdur. Tərəflər üçün bu qarşılaşmanın özü yüksək motivasiya mənbəyi olacaq.
Gərgin və intriqalı görüş keçəcək. Düşünürəm ki, daha az səhv edən komanda qalib gələcək. Hazırkı vəziyyətə baxanda, bəlkə də, "Sabah" bir addım öndədir. Forma baxımından "bayquşlar" yaxşı vəziyyətdədir. Futbolçuların keyfiyyəti və stabil heyətə sahib olması üstünlükdür. Əksinə, "Qarabağ"da davamlı heyət hələ tam formalaşmayıb. Komanda yenidən qurulduğuna görə oyununda hələ tam mütəşəkkillik yoxdur və pik formasında olmaması müəyyən problemlər yarada bilər.
Ancaq digər tərəfdən, "Sabah" üçün matçın mənfi cəhətlərindən biri də odur ki, Dortmund "Borussiya"sı (Borussia Dortmund) ilə oyundan sonra komanda bir qədər gərgin, yorğun və təzyiq altında ola bilər. Amma düşünürəm ki, bunların heç biri bəhanə olmamalıdır. Bu, əsl derbi matçıdır və bu qarşılaşmada itirilən xallar sonradan komandanın çempionluq şanslarına ciddi təsir göstərə bilər.
Azarkeşlərin stadionda çox olmasını istəyirəm, çünki onlar bu oyuna ayrı bir rəng qatacaqlar. Meydanda hər cür mübarizənin şahidi olacağıq. Hər iki komanda hücum futbolunu sevən kollektivdir və düşünürəm ki, qollu, maraqlı oyun izləyəcəyik. Həm azarkeşlər, həm də bizim üçün gözəl qarşılaşma olacaq. Hər iki komandaya uğurlar arzulayıram".
Qeyd edək ki, tərəflər arasında görüş oktyabrın 25-də baş tutacaq. Matçın start fiti saat 18:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli