"Futbolçuları qınamaq lazım deyil" - Rakif Əliyev məğlubiyyəti şərh etdi

"Futbolçuları qınamaq lazım deyil" -  Rakif Əliyev məğlubiyyəti şərh etdi

1-ci Liqanın 6-cı turunda "Gəncəbasar"a 0:7 məğlub olan "Zaqatala" turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Qonaqların baş məşqçisi Rakif Əliyevlə əlaqə saxlayıb məğlubiyyəti şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Futbolçular mənim dediklərimi etmək istəyirlər. Sadəcə, bilirsiniz, bir az sərt futbol oynatdıqda bu, istədiyimiz sonluq olmur. Əslində, bizə nəticə lazımdır, amma mən bir az da baxımlı futbol oynatmaq üçün nələrsə etmək istəyirəm. Lakin görürəm ki, gənclərlə bunu etmək heç cür alınmır, yəni bunları həyata keçirmək çox çətin olur.

Bundan başqa, artıq qollar buraxdıqca komanda özünə inamını itirir, futbolçular həyəcanlanırlar. Məsələn, indi cavan uşaqlardır. Onlara desəm ki, topu götürüb irəli vurun, kimin ayağına düşməsindən asılı olmayaraq, topu qabağa göndərin, bu yolla oyunun müddətini uzatmaq, az fərqlə uduzmaq olar. Amma mən onlardan pasla oynamağı tələb edirəm, ötürmələrlə hücumlar quraraq nəsə etməyə çalışırıq. Lakin baxanda görürük ki, bu da alınmır.
Amma burada uşaqların günahı yoxdur. Yəni mənim etdiyim səhvlər nəticəsində oyun bu vəziyyətə gəlib çıxır. Futbolçuları da çox qınamaq lazım deyil. Bilirsiniz, gənc oyunçular həmişə məşqçinin dediklərini yerinə yetirmək istəyirlər. Amma burada səhvi yalnız onlarda axtarmaq düzgün deyil. Futbolçular cavan uşaqlardır. Yəni böyüklər gənclərə necə deyirlərsə ki, bunu elə, onu elə, onlar da deyilənləri yerinə yetirirlər. Uşaqların hamısı mənim dediklərimə uyğun hərəkət edirlər. Sadəcə olaraq, özümün apardığım təhlillərdə və tətbiq etdiyim oyun üslubunda bir qədər fərqli seçim edə bilərəm. Məsələn, hesabı az fərqlə başa vurmaq və ya başqa cür oynamaq mümkündür. Amma elə futbol oynatmaq istəyirəm ki, uşaqlar pasla oynasınlar, ötürmə elementlərindən daha çox istifadə etsinlər.
Ancaq bu zaman müəyyən səhvlərə yol veririk. Onlar da zamanla düzələcək və bundan sonra hər şey yaxşı olacaq. Amma həmin müddət ərzində, bilirsiniz, kor-koranə futbol oynamaqla bağlı problem yoxdur, bunu hamı edə bilər. Topla oynamaq, müəyyən kombinasiyalar qurmaq isə bir qədər çətindir. Bunun üçün vaxt lazımdır. Yəqin ki, zamanla hər şey düzələcək".
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər