"Kimdən soruşsanız, "Sabah"ın favorit olduğunu deyəcək" - Samir Əliyev derbi barədə danışdı

"Kimdən soruşsanız, "Sabah"ın favorit olduğunu deyəcək" -  Samir Əliyev derbi barədə danışdı

Misli Premyer Liqasının 9-cu turunda "Sabah" "Qarabağ"ı qonaq edəcək qarşılaşacaq.

Azərbaycan yığmasının sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb matçla bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Artıq son iki-üç ildir ki, çempionluq uğrunda çox gərgin mübarizə gedir. Məsələn, bir neçə il bundan əvvəl "Qarabağ" aşkar favorit idisə, ötən il "Sabah" onların hegemonluğuna son qoydu. Bu mövsümdən isə çempionluq uğrunda mübarizəyə "Neftçi" də qoşuldu.

Artıq bu il üç komanda çempionluq uğrunda mübarizə aparır. Qarşıda isə bizi maraqlı bir derbi gözləyir. Fikrimcə, bu, hər iki komandanın azarkeşlərinin maraqla gözlədiyi bir oyundur. Düzdür, "Sabah" hazırda ən komplektləşmiş, çox yaxşı formada olan və Çempionlar Liqasında Azərbaycanı layiqincə təmsil edən komandadır.
"Qarabağ" isə ötən mövsüm aparıcı oyunçularla vidalaşdı. Komandada yenilənmə prosesi getdi, heyətə yeni futbolçular qoşuldu. Hələ azarkeşlərin görmək istədiyi "Qarabağ" deyil. Çünki bir çox futbolçu hələ adaptasiya və uyğunlaşma dövrünü keçir.
Məncə, maraqlı görüş olacaq. Düzdür, kimdən soruşsanız, "Sabah"ın favorit olduğunu deyəcək. Amma proqnoz verməkdə bir az çətinlik çəkirəm. Məncə, baxımlı matç keçəcək. Kim güclüdürsə, o da qalib gəlsin. Əsas odur ki, bu ildən etibarən artıq üç komanda çempionluq uğrunda mübarizə aparır. Bu da Azərbaycan çempionatına əlavə rəng qatır".
Qeyd edək ki, komandalar arasında görüş oktyabrın 25-də reallaşacaq. Matçın start fiti saat 18:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər