Misli Premyer Liqasının 9-cu turunda "Qarabağ" "Sabah"ın qonağı olacaq.
Azərbaycan millisinin və Ağdam klubunun sabiq hücumçusu Vüqar Nadirovla əlaqə saxlayıb derbidən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Çox maraqlı qarşılaşma olacaq. “Sabah” Çempionlar Liqasında (UEFA Champions League) yaxşı çıxış edir. Güclü rəqiblərlə oyunlar komanda üçün böyük təcrübədir. İlk dəfə bu səviyyəli turnirlərdə çıxış etdiyini nəzərə alsaq, göstərdiyi nəticələr yaxşıdır. Çünki komandadan dərhal çox yüksək nəticələr, məsələn, birbaşa 16-lığa və ya 8-liyə yüksəlmək tələb olunmur.
"Qarabağ"a gəldikdə isə ötən illərdə bu komanda, demək olar ki, "Sabah"ı məğlub edə bilmirdi. Qarşılaşmalar ya heç-heçə, ya da məğlubiyyətlə başa çatırdı. Sonuncu "Neftçi" ilə matçda da gördük ki, "Qarabağ" hesabda geri düşsə də, sonda geridönüş edə bildi. Bu cür hallar normaldır. Çünki komanda daxilində bəzən müəyyən problemlər yaranır və ya futbolçuların bir-birini anlamasında çətinliklər olur. Amma indiki məqamda "Sabah"ı bir qədər "Qarabağ"dan üstün görmək olar. Çünki komandanın ümumi oyunu bunu göstərir.
Ümumilikdə, bizi çox maraqlı oyun gözləyir. Son turun nəticələrinə də nəzər salsaq, məsələn, "İmişli"nin "Turan Tovuz"la, eləcə də digər komandaların qarşılaşmalarında maraqlı oyunların şahidi oluruq. Necə ki "Neftçi" - "Qarabağ" qarşılaşmaları həmişə derbi statusunda olub və maraqlı keçib, bu oyunun da belə olacağına inanıram.
Əsas odur ki, Azərbaycan futbolu inkişaf etsin, yerli uşaqlar və gənc futbolçular yetişsin. İstər klublarımızda, istərsə də milli komandada əsas məqsəd Azərbaycan futbolçularının Çempionlar Liqasında və Avropa Liqasında (UEFA Europa League) özlərini göstərmələri, eyni zamanda milli komandaya cəlb olunmalarıdır".
Qeyd edək ki, tərəflər arasında görüş oktyabrın 25-də baş tutacaq. Matçın start fiti saat 18:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli