"İşimiz hələ indi başlayır" - Famil Xəlilov

"İşimiz hələ indi başlayır" - Famil Xəlilov
FIFA U-15 Dünya Çempionatı və Festivalında Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edən Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov qarşılaşmadan sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis ilk oyunun çətin keçəcəyini gözlədiklərini və bunun ilk hissədə də özünü göstərdiyini bildirib:
"Bilirdik ki, ilk oyunlar çətin keçir, bu, ilk hissədə də özünü göstərdi. İkinci hissədə oyunçularım əla performans göstərdi, layiqli qələbə qazandıq. Lakin arxayınlaşmaq olmaz. Necə deyərlər, işimiz hələ indi başlayır."
- Rəqiblər haqqında nə deyə bilərsiniz?
"Kifayət qədər güclü rəqiblərimiz var. Hər birini təhlil etmişik. Biz də ev sahibi kimi yaxşı performans göstərmək istəyirik."
- Oyundan sonra cənab Prezident sizi təbrik etdi. Bu barədə nə deyə bilərsiniz?
"Çox qürurverici və sevindirici bir hissdir. Bu, bizdə və futbolçularda əlavə motivasiya yaradacaq. Bundan sonra daha da məsuliyyətli olacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik."
- Qrupdan neçə xalla çıxmağı hədəfləyirsiniz?
"Maksimum toplaya biləcəyimiz qədər xal toplamaq istəyirik. Avstraliya (Australia) və Haiti (Haïti) yığmaları kifayət qədər güclüdürlər. Yaxşı mübarizə aparıb yaxşı nəticə əldə edəcəyimizi düşünürük. Futbolçularımız özlərinə inanmalı və həyəcanı üzərlərindən atmalıdırlar."
- Formatın 11-ə 11 deyil, 8-ə 8 olması taktikaya və oyun tempinə necə təsir edir?
"Bu formatda futbolçular topla daha çox təmasda olurlar, oyun daha intensiv keçir. Futbolçuların üzərinə daha çox fiziki yük düşür. Uyğunlaşacağımızı düşünürəm."
Kamil Xudiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər