“Gəncəbasar” öz işini layiqincə görür” - Rüstəm Məmmədov

“Gəncəbasar” öz işini layiqincə görür” -  Rüstəm Məmmədov
Azərbaycan 1-ci Liqasında altıncı turun oyunları başa çatıb.
Pro kateqoriyalı mütəxəssis Rüstəm Məmmədovla əlaqə saxlayıb turu şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
“Bu həftə Birinci Liqada həqiqətən çox maraqlı tur oldu. Liderlər və çempionluq uğrunda gedən mübarizələrdə açıq-aşkar şəkildə maraqlı dəyişikliklər görünür. 
“Şahdağ Qusar” “Səbail” matçından başlayaq. “Səbail”in “Zaqatala” ilə oyununa canlı baxdıqdan sonra “Səbail” komandasının çempionluq uğrunda mübarizə aparacağı ilə bağlı məndə bir qədər şübhə yarandı. Çünki komanda “Zaqatala”ya qarşı o qədər də yaxşı oyun göstərmədi. “Şahdağ Qusar”la matça da bu cür yanaşma ilə ya xal itirəcəyini, ya da məğlub olacağını düşünürdüm və elə də oldu. Məşqçilər də yəqin ki, bunu görüblər, çünki “Zaqatala”ya qarşı yaxşı oyun sərgiləməmişdilər. Düzdür, 3:1 hesabı ilə qalib gəldilər, lakin çempionluq uğrunda mübarizə aparan komanda daha inamlı oyun göstərməlidir. “Şahdağ Qusar” isə bundan əvvəlki turda “Xankəndi”yə məğlub olsa da, öz iddiasını qoruyub saxlayır və çempion olmağa hazır komanda kimi görünür. 
Digər görüş MOİK və “Karvan-Yevlax” arasında baş tutub. Bu iki komanda aşağı-yuxarı eyni səviyyədədir. Lakin MOİK bu matça daha yaxşı hazırlaşdı, daha istəkli idi, yaranan imkanlardan yaxşı istifadə etdi və inamlı müdafiə olunaraq 3:1 hesabı ilə qalib gəldi. Bu komandalar arasında hələ bir neçə oyun olacaq. 
“Şimal” və “Baku Sportinq” (Baku Sporting) matçına gəlincə, birinciləri son oyunlarda izləyirəm və həqiqətən bəyənirəm. Belə bir büdcə və heyətlə gözəl oyun, mübarizə və düşüncəli taktika quraraq öz güclərinə uyğun nəticə əldə edirlər. “Baku Sportinq” isə enişdə olan komandadır. Klub rəhbərliyi məşqçi dəyişikliyi edərək Bəxtiyar Sultanovu gətirib, ona uğurlar arzulayıram. Ümid edirəm ki, yeni dəyişikliklər komandaya daha yaxşı oyun və nəticələr qazandıracaq. 
“Xankəndi” “Mingəçevir” görüşündə qonaqların mövcud çətinliklərinə, büdcə probleminə və azarkeşlərin narazılığına baxmayaraq, “Şahdağ Qusar”ı məğlub etmiş “Xankəndi” komandası üzərində qələbə qazanması alqışalayiqdir. “Xankəndi” əvvəlki qələbədən sonra rahatlaşdılar, lakin burada asan oyun olmur. “Mingəçevir”i də yenəcəklərini düşündülər. Dominant futbol oynadılar. Komanda yenə əks-hücumda qol buraxdı və məşqçilər bunu təhlil etməlidirlər. “Xankəndi” növbəti turlarda öz sözünü deyəcək.
“Gəncəbasar” öz işini layiqincə görür, yaxşı məşqçilik işi və oyun planı ilə liderlərdən geri qalmayacağını sübut edir. Yaxşı hücum xətti var. Müdafiədə boşluqlar vermirlər. “Zaqatala” üçün isə vəziyyət olduqca acınacaqlıdır. Komanda daxilində olmasam da, azarkeşlərin suallarından və narahatlığından görünür ki, bu il yaxşı şərait yaradılmasına baxmayaraq nəticələr ürəkaçan deyil. Əgər komanda belə davam edərsə, ikinci liqaya düşmə təhlükəsi ilə üz-üzə qala bilər.
Hazırda “Mingəçevir”, “Baku Sportinq” və “Zaqatala” ikinci liqaya düşməmək üçün əsas mübarizə aparan komandalardır. Komandaların heyətindəki oyunçuların səviyyəsi bəzi hallarda birinci liqa səviyyəsinə uyğun gəlmir və təcrübəli oyunçuların çatışmazlığı hiss olunur. Ümid edirik ki, klub rəhbərlikləri və məşqçilər müvafiq tədbirlər görərək vəziyyəti düzəldə biləcəklər”.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər