"Cari mövsüm "Sabah"la "Qarabağ" ilk dəfə qarşılaşdılar. Oyunu hər kəs səbirsizliklə gözləyirdi".
Bu sözləri Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyev deyib.
Tanınmış məşqçi Misli Premyer Liqasının 9-cu turu çərçivəsində dünən Mərdəkandakı "Sabah Arena"da reallaşan və qolsuz bərabərliklə yekunlaşan görüş barədə fikirlərini bölüşüb: "Təbii ki, mənə də hazırda yaxşı formada olan "Sabah"la yenilənmiş "Qarabağ"ın mübarizəsini izləmək çox maraqlı idi. Oyunda qol olmasa da, yüksək templi, maraqlı qarşılaşmaya baxdıq. Komandaların heç biri uduzmaq istəmirdi. Ümumi götürsək, 90 dəqiqə ərzində üstünlük gah "Sabah"ın, gah da "Qarabağ"ın tərəfində oldu. Hakimlərin çox yaxşı təsir bağışladığını da vurğulamalıyam. Oyunun ədalətli nəticəsi elə heç-heçə idi.
İstər stadiondakı ab-hava, istər ot örtüyünün əla vəziyyəti xoş görüntülər kimi yadda qaldı. Hələ bu, ilk oyun idi. Mövsüm ərzində daha bir neçə dəfə bir-biri ilə üz-üzə gələcəklər. Ola bilsin ki, kubokda da yolları kəsişəcək. "Neftçi"nin də çempionluğa oynadığını nəzərə alsaq, çempionatın gərgin və maraqlı alınacağı dəqiqdir".
Nihat