Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək

Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək

Azərbaycanın 11 cüdoçusu oktyabrın 29-31-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

İdmançılar 9 çəki dərəcəsində çıxış edəcəklər. Qadınlardan Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq), kişilərdən Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

Kollektivə kişilərdən ibarət milli komandanın böyük məşqçiləri Elçin İsmayılov, Slavko Tekiç (Slavko Tekic), qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov rəhbərlik edəcəklər.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışa 60 ölkədən 400-ə yaxın cüdoçu qatılacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər