"Bu cür davranışlarla çempionluq uğrunda mübarizə aparmaq "Neftçi" üçün bir qədər çətin ola bilər" - Aslan Kərimov

"Bu cür davranışlarla çempionluq uğrunda mübarizə aparmaq "Neftçi" üçün bir qədər çətin ola bilər" -   Aslan Kərimov

Misli Premyer Liqasında 9-cu turun oyunları başa çatıb.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb turla bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İlk olaraq turun əsas matçından danışmaq lazım gələcək. Çünki həqiqətən də bu turda çempionluq uğrunda mübarizə aparan iki əsas komanda bir-birinə qarşı oynayırdı. Bir tərəfdə Çempionlar Liqasının liqa mərhələsində çıxış edən son çempion "Sabah", digər tərəfdə isə ötən mövsüm Çempionlar Liqasının liqa mərhələsində iştirak etmiş eks-çempion "Qarabağ" var idi. Bu çempionatda da hər iki komanda bir-birinə çox yaxın nəticələr göstərir.

Bu oyun səbirsizliklə gözlənilirdi. Düzdür, qarşılaşmada yalnız qol çatmadı, amma hər halda gərgin mübarizənin şahidi olduq.
Qısa şəkildə oyunu dəyərləndirsək, hesab edirəm ki, "Sabah" "Qarabağ"la müqayisədə bir qədər daha yaxşı görünürdü. Xüsusilə yarımmüdafiə mövqeyində rəqibini üstələməyi bacarmışdı. Amma buna baxmayaraq, qol vura bilmədi. Nə "Qarabağ", nə də "Sabah" fərqlənə bildi. Düzdür, qol vuruldu, lakin ofsayd səbəbindən qeydə alınmadı.
"Turan Tovuz" və "Neftçi" oyunu hər iki komanda üçün çox vacib qarşılaşmalardan biri idi. Uzun müddətdir ki, bu iki komanda arasında rəqabət gedir. "Ağ-qaralar" artıq çempionluq iddiasını ortaya qoymağa çalışır. Eyni zamanda, "Turan Tovuz" da ən azı çıxışı ilə çempionluq uğrunda mübarizə aparmaq və çempion olmaq hədəfini ortaya qoymuşdu. Amma hesab edirəm ki, oyun bu şəkildə davam etsəydi, yəni komandalar bərabər heyətlərlə mübarizə aparsaydılar, bəlkə də qərb təmsilçisinin qələbə qazanmaq şansı daha çox ola bilərdi. Çünki "Turan Tovuz" çempionluq uğrunda mübarizə aparmaq üçün bir qədər daha praqmatik futbol nümayiş etdirir. Komandanın oyunçu potensialı da dominant futbol oynamasına imkan vermir. Əslində, "Neftçi"nin futbolçusu qırmızı vərəqə aldıqdan sonra top daha çox "Turan Tovuz"un nəzarətində olsa da, rəqib komanda "Neftçi"nin qapısı qarşısında yüzfaizlik qol şansı yarada bilmədi. Üstəlik, azlıqda qalan "Neftçi" əks-hücumda “Turan Tovuz"u rahatlıqla yaxalayaraq qol vurmağı bacardı.
Məncə, "Neftçi"nin də özündə müəyyən çatışmazlıqlar var. Sən çempionluq uğrunda mübarizə aparırsansa, belə oyunlarda stabilliyi qoruyub saxlamağı bacarmalısan. Çünki bu görüşdə alınan qırmızı vərəqə futbolçunun həddindən artıq kobud oynamasının nəticəsi idi.
Bu cür davranışlarla çempionluq uğrunda mübarizə aparmaq "Neftçi" üçün bir qədər çətin ola bilər. Hər halda, bu oyunun nəticəsi də mənim üçün təəccüblü olmadı. Hər iki komanda bir xal qazanmağı bacardı.
"Zirə"yə gəldikdə isə ümumilikdə, komandanın son dəqiqələrdə qələbə qolunu vuraraq qalib gəlməsi ona xas xüsusiyyətlərdən biridir. Bu, "Zirə"nin Avropaya vəsiqə uğrunda mübarizədə hər zaman favoritlərdən biri hesab edilməsinin təsadüfi olmadığını göstərdi.
Digər oyunlara baxdıqda isə "Şamaxı"nın gözlənilməz şəkildə "Kəpəz"ə məğlub olduğunu görürük. Çünki çempionatdakı komandaları, ümumilikdə, iki hissəyə bölmək olar. Birinci qrupda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan "Qarabağ", "Sabah", "Neftçi", "Turan Tovuz” və “Zirə” yer alır.
Digər qrup isə aşağı pillələrdə qərarlaşan komandalardan ibarətdir. Bu qrupu da iki hissəyə bölmək olar. Nisbətən stabil çıxış edən "Kəpəz" və "Şamaxı"nı ayrıca qeyd etmək mümkündür. Bu komandalar açıq-aşkar autsayder hesab olunmurlar. Digər komandaların isə autsayder mövqeyinə düşmək ehtimalı var.
Çünki onlar bir-birləri ilə qarşılaşarkən həm qələbə qazanır, həm də məğlub olurlar. Hələlik qeyri-sabit çıxışları göstərir ki, bu komandalar stabil oyun nümayiş etdirməyi və səviyyələrini qoruyub saxlamağı bacarmırlar. Onlar istənilən vaxt məğlub ola bilərlər. Xüsusilə də "Araz-Naxçıvan"ın çempionatda gözlənilmədən belə vəziyyətə düşməsi diqqət çəkir.
Turu ümumilikdə dəyərləndirsək, təəccüblü bir məqamla qarşılaşmadım. Bəlkə də "İmişli"nin qələbə qazanması müəyyən qədər təəccüblü sayıla bilər. Komanda artıq iki oyundur ardıcıl qalib gəlirlər. Məşqçi dəyişikliyindən sonra iki matçda qələbə əldə etmələri diqqətçəkən məqamdır. Amma hər halda, klub tez bir zamanda baş məşqçisinin kim olacağını müəyyənləşdirməlidir. Bu cür davam etsələr, qələbə seriyasını qoruyub saxlaya bilərlər. Bu məsələyə bir qədər diqqət yetirməlidirlər, çünki qeyri-müəyyənlik futbolçulara psixoloji baxımdan təsir edir.
Komandalar öz bacarıqlarını ortaya qoymağa çalışdılar. Hələ də hansı komandanın açıq-aşkar autsayder olduğunu və ya hansı komandanın birinci yer uğrunda mübarizə aparacağını, eləcə də bu mübarizədə fərqlənən konkret bir komandanı müəyyənləşdirmək mümkün deyil. Bunun üçün daha bir neçə tur gözləməli olacağıq".
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər