İspaniyanın "Barselona" (Barcelona) klubu "Atletiko Madrid"in (Atlético de Madrid, Atletico Madrid) hücumçusu Xulian Alvareslə (Julián Álvarez, Julian Alvarez) bağlı məsələyə görə cərimələnib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Məlumata görə, İspaniya Kral Futbol Federasiyası Madrid təmsilçisinin şikayətindən sonra Kataloniya klubunu 602 avro məbləğində cərimələyib.
"Atletiko Madrid" "Barselona"nı argentinalı futbolçu ilə danışıqlara başlamazdan əvvəl onun çıxış etdiyi klubu yazılı şəkildə məlumatlandırmamaqda ittiham edib. Alvaresin Madrid təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir.
Madrid klubu məsələ ilə bağlı FİFA-ya (FIFA) da şikayət etsə də, qurum işə baxmaq səlahiyyətinin olmadığını bildirib.
Qeyd edək ki, Alvares yayda verdiyi açıqlamada Kataloniya təmsilçisində oynamaq arzusunu dilə gətirmişdi. Bu sözlər onun "Atletiko Madrid" azarkeşlərinin narazılığı ilə üzləşməsinə səbəb olmuşdu. Hücumçu daha sonra tərəfdarlardan üzr istəyib.
Əlisahib İbrahimli