FİFA-nın (FIFA) qlobal futbol inkişafı üzrə rəhbəri Arsen Vengerin (Arsène Wenger, Arsene Wenger) təklif etdiyi yeni ofsayd qaydasının sınaq müddətinin uzadılması ehtimalı azalıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "BBC Sport" yayıb.
Məlumata görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) məsləhətçi qrupları oktyabrın 27-də keçirilən qiymətləndirmə iclasında bu təşəbbüsə kifayət qədər dəstək verməyiblər.
"Gün işığı" (daylight) adlandırılan qayda 2026-cı il ərzində Kanada Premyer Liqasında (Canadian Premier League) sınaqdan keçirilib. Təklifə əsasən, hücum edən futbolçunun bədəninin qol vurmağa icazə verilən hər hansı hissəsi rəqibin sondan ikinci oyunçusu ilə eyni xəttdə olarsa, o, oyundankənar vəziyyətdə sayılmır. Ofsayd qeydə alınması üçün hücumçu ilə rəqib arasında aydın məsafə olmalıdır.
Sınağın nəticələri qarışıq olub. IFAB-ın futbol və texniki panellərinə təqdim edilən məlumatlara əsasən, 112 qarşılaşmada ofsayd qərarlarının sayı 54 faiz azalıb, əlavə olaraq 13 qol qeydə alınıb.
Bununla belə, qayda müdafiə taktikasına da təsir göstərib. Mövsüm ərzində komandaların müdafiə xətləri orta hesabla üç metr geriyə çəkilib. Xüsusilə standart vəziyyətlərdə müdafiəçilər hücumçuların qazandığı üstünlüyü neytrallaşdırmaq üçün mövqelərini dəyişməli olublar.
Kanada çempionatında məşqçilərə oyun ərzində hakim qərarlarına iki dəfə etiraz etmək imkanı verən məhdud videokömək sistemi də tətbiq edilib. Bu amil yeni ofsayd qaydasının təsirini azaltmağa kömək edib. Lakin əksər liqalarda belə bir sistemdən istifadə olunmur.
Yeni qaydanın sınaq müddətinin uzadılmasına dəstəyin az olması onun yaxın zamanda futbolun ümumi qaydalarına daxil edilməsini çətinləşdirir. Bununla belə, hələlik yekun qərar verilməyib.
Qeyd edək ki, mümkün qayda dəyişiklikləri 2027/2028 mövsümü üçün müzakirə olunur. Futbol qaydalarını müəyyən edən qurumlar yaxın vaxtlarda çoxsaylı dəyişikliklər etməkdə ehtiyatlı davranırlar.
Əlisahib İbrahimli