Bu gün Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi start götürüb. Bu raundun maraqlı qarşılaşmalarından biri də iki Birinci Liqa təmsilçisi - MOİK və "Şahdağ Qusar" arasında keçiriləcək.
"Hərbçilər"in baş məşqçisi İlham Yadullayev Qusar komandasına qarşı oyunla bağlı fikirlərini Fanat.Az-a bölüşüb:
"Birinci Liqanın liderlərindən biri ilə üz-üzə gələcəyik. "Şahdağ Qusar" ağır komandadır. Çempionatın birinci turunda onlara məğlub olmuşduq. Matça yaxşı hazırlaşmışıq. Kubok oyununa yüksək əhvalla çıxacağıq. Kubokdakı hədəfimizə gəlincə, mümkün qədər çox irəliləmək istəyirik. Çox istərdim ki, ən azı bu rəqibi mübarizədən kənarlaşdırıb Premyer Liqa komandası ilə üz-üzə gələk. Amma təəssüf ki, heyətimizdə zədəlilərin sayı çoxdur. Son oyunda da daha iki nəfər xəsarət aldı. Hərçənd sıraya dönənlər də oldu. İstənilən halda, meydana qələbə üçün çıxacağıq. Qismət nədirsə, o da olacaq".
Qeyd edək ki, MOİK - "Şahdağ Qusar" matçı oktyabrın 28-da keçiriləcək. Binə qəsəbə stadionunda baş tutacaq qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək.
Nihat