“Fənərbağça”nın (Fenerbahçe, Fenerbahce) baş məşqçisi İsmayıl Kartal (İsmail Kartal, Ismail Kartal) “Qalatasaray”a (Galatasaray) məğlubiyyətdən sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, Türkiyə Super Liqasının 9-cu turunda “Fənərbağça” səfərdə “Qalatasaray”a 1:2 hesabı ilə uduzub.
Görüşdən sonra keçirilən mətbuat konfransında İsmayıl Kartal komandasının çıxışını dəyərləndirib.
O, matça istədikləri kimi başlaya bilmədiklərini və ilk hissədə zəif oynadıqlarını bildirib:
“Təəssüf ki, görüşə istədiyimiz kimi başlaya bilmədik. İlk hissədə bizə yaraşmayan oyun nümayiş etdirdik. İkinci hissədə toparlanmağa çalışdıq, ön xətdə təzyiq göstərmək istədik və bir qol vurduq. Burada istədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün məyusuq. Məğlub olduq. Səbəbləri müzakirə etmədən yolumuza davam edəcəyik. Bu oyunu geridə qoyduq və qarşıdakı “Göztəpə” (Göztepe, Goztepe) matçına köklənəcəyik”.
Kartal azarkeşlərdən üzr istəyib və qarşıdakı oyunlarda yaxşı nəticələr qazanaraq onların etimadını yenidən qazanmaq istədiklərini söyləyib.
“Hazırda mövsümün başa çatmasına hələ çox vaxt var. Qarşıda çoxlu oyunlarımız var. Bu derbilərin mövsümün ikinci yarısında da keçiriləcəyini unutmamalıyıq. Bu liqada derbidə qalib gəlmədən də çempion olmaq mümkündür. Əvvəllər də belə olub. Bu il biz də çempion ola bilərik. Çox məyusuq və azarkeşlərimizdən üzr istəyirik. “Qalatasaray”la aramızda altı xallıq fərq var. Üç xallıq sistemdə bu fərqi bağlamaq mümkündür. Pis oynadıq, bu barədə çox danışmağa ehtiyac yoxdur”, - deyə baş məşqçi bildirib.
Əlisahib İbrahimli