"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe (Kylian Mbappé, Kylian Mbappe) Çində narazılığa səbəb olan açıqlamasına görə üzr istəyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Reuters" yayıb.
Mənbənin məlumatına görə, fransalı futbolçunun keçmiş Çin lideri Mao Tszedunla (Mao Zedong) bağlı zarafatı ölkədə ciddi etirazlara səbəb olub.
Hadisə Mbappenin özünün təsvir olunduğu internet memi haqqında danışdığı müsahibənin görüntülərinin sosial şəbəkələrdə yayılmasından sonra gündəmə gəlib. Futbolçu həmin görüntüdə ən çox güldüyü memin üzünün Çin diktatorunun təsvirinə yerləşdirildiyi şəkil olduğunu bildirib.
27 yaşlı hücumçu daha sonra sosial şəbəkə hesablarında açıqlama yayaraq sözlərinin yanlış olduğunu etiraf edib.
"Şərhimin düşünülməmiş olduğunu və Çində, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan Çin icmalarından olan bir çox insanı incitdiyini indi anlayıram. Sözlərimdən narahat olan hər kəsdən üzr istəyirəm. Bu, qətiyyən niyyətim deyildi. Çin xalqına və onun tarixinə böyük hörmət bəsləyirəm və səmimi qəlbdən üzr istəyirəm", - deyə Mbappe bildirib.

Qalmaqaldan sonra Çinin bir neçə şirkəti futbolçu ilə əməkdaşlığı dayandırıb. Onların arasında "Dongpeng Beverage", "Mengniu" və "Milkground" şirkətləri də var.
Bundan əlavə, İspaniya La Liqasının rəhbərliyi də məsələ ilə bağlı açıqlama yayaraq Çin azarkeşlərindən üzr istəyib. Çin dövlət televiziyasının isə Mbappe və La Liqa ilə bağlı yayımları dayandırdığı, futbolçunun reklamlarının efirdən çıxarıldığı bildirilib.
Qeyd edək ki, mübahisəyə səbəb olan video daha əvvəl çəkilsə də, görüntülər oktyabrın 26-da sosial şəbəkələrdə geniş yayılıb. Hadisə Mbappenin Çindəki kommersiya əməkdaşlıqlarına da təsir edib.
Əlisahib İbrahimli