Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində 2-ci Liqa təmsilçisi "Marafon"un (Marathon) qonağı olan 1-ci Liqa təmsilçisi "Zaqatala" 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırdı. Qonaqların baş məşqçisi Rakif Əliyevlə əlaqə saxlayıb yenilginin səbəbini nədə gördüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyuna ciddi hazırlaşmışdıq. Hədəfimiz "Marafon"u üstələyərək "Araz-Naxçıvan"a rəqib olmaq idi. Gənc oyunçuların Premyer Liqa komandası ilə üz-üzə gəlməsini istəyirdik. Heyətimiz əsasən yaşı 23-ü keçməyən oyunçulardan ibarətdir. İnanın ki, bu futbolçuların 90 faizi ömürlərində ilk dəfə Azərbaycan Kubokunda oynayırdılar. Nəticəyə baxmayaraq, dünən komandamız yaxşı oyun nümayiş etdirdi. Matçı üç hissəyə bölmək olar. İlk 30 dəqiqədə üstün oynadıq. İkinci 30 dəqiqədə "Marafon" fəal göründü və qol vurmağı bacardı. Sonrakı dəqiqələrdə isə yaxşı hücumlarımız, bir neçə qol vəziyyətimiz oldu. Təcrübə çatışmazlığı səbəbindən hesabı dəyişə bilmədik. Bununla belə, oyunçulardan razı qaldım. Rəqib komandanı təbrik edirəm. Sabirabadda çox gözəl futbol ab-havası var idi. "Marafon"un heyətində Premyer Liqa təcrübəsinə malik oyunçuların sayı çoxdur".
Rakif bəy ardıcıl yenilgilərin "Zaqatala"nın gənclərində ruh düşkünlüyü yaratmadığını bildirib: "Komandanın psixoloji sarsıntı yaşadığını düşünmürəm. Futbolçuların meydanda sonadək mübarizə apardıqlarını, uğur qazanmağa çalışdıqlarını görürəm. Liqada ardıcıl uduzduğumuz rəqiblər "Karvan-Yevlax", "Şahdağ Qusar", "Səbail" və "Gəncəbasar"dır ki, onların da hər biri çempionluq uğrunda mübarizə aparır. Elə "Marafon"un heyəti də təcrübə baxımından bizdən üstündür".
Nihat