"Bu festival həm də növbəti illər üçün potensialımızı üzə çıxaracaq" - Millət vəkili

"Bu festival həm də növbəti illər üçün potensialımızı üzə çıxaracaq"  - Millət vəkili
Bakıda təşkil edilən FIFA U-15 dünya çempionatı və festivalı ali futbol qurumunun yeni layihəsi, yəni ilk belə turnirdir. Dünyanın 189 ölkəsindən olan yeniyetmələrin qatıldığı bu yarış həm də ölkəmizin beynəlxalq nüfuzu və idman infrastrukturu adına qazancdır. Azərbaycanda futbolun kütləviləşməsi prizmasından yanaşsaq, təbii ki, sözügedən turnirin bu planda da faydası böyükdür. Millət vəkili və tanınmış ictimai-siyasi xadim, futbolsevər Fazil Mustafa əlaqə saxlayıb ona FİFA U-15 dünya çempionatı və festivalı barədə bir neçə sual ünvanladıq.
Fazil bəyin Fanat.Az-a müsahibəsini təqdim edirik:
- Azərbaycan ilk dəfə təşkil olunan FIFA U-15 dünya çempionatına ev sahibliyi edir. Bu turnir barədə fikirlərinizi eşitmək istəyərdik...
- Turnirin Azərbaycanda keçirilməsi çox önəmlidir. Ölkə prezidentinin də baş çəkərək futbolçularla görüşməsi, öz tövsiyələrini verməsi, buradakı infrastrukturla tanış olması özü bu tədbirin nə qədər böyük əhəmiyyət daşıdığını göstərir.
Azərbaycan belə beynəlxalq yarışlara çox sayda ev sahibliyi edib. Bu, onların içində xüsusi əhəmiyyət daşıyır. Çünki futbol ən populyar idman növüdür və xüsusilə də gələcək futbolçuların yetişməsi üçün bu cür beynəlxalq təcrübə çox önəmlidir.
Bu baxımdan da turnirin əhəmiyyəti danılmazdır və bunun yüksək səviyyədə təşkil olunması Azərbaycanın idman ölkəsi kimi imicini yüksəldəcək.
- Dünyanın 189 ölkəsindən 3000-dən çox yeniyetmə idmançının Bakıya gəlməsi bizə nə qazandıra bilər? Tədbirin həm də bir festival xarakteri daşıması xarici qonaqlara Azərbaycanı tanıtmaq baxımından necə bir platformadır? İdman diplomatiyasının bu növündən necə faydalanmalıyıq?
- Burada yalnız ünsiyyətdən, təcrübə mübadiləsindən söhbət getmir. Burada həm də ayrı-ayrı ölkələrin Azərbaycanda idman həyatı ilə tanışlığından, gələcək transfer imkanlarının genişlənməsindən söhbət gedir.
Həm də gələcəkdə, bu yarışdan sonra infrastrukturun nə qədər əhəmiyyətli olduğu aydın olur. Ölkədə futbol infrastrukturunun inkişafına da bu, ciddi bir təkan verəcəkdir.
Bu baxımdan da nə qədər çox ölkə iştirak edirsə, o qədər ölkənin təbliğatıdır, imicidir. Bu fürsətdən ağıllı istifadə etsək, ölkəmiz üçün daha çox faydalı nələrsə əldə edə bilərik.
- Azərbaycan U-15 dünya çempionatı və festivalından başqa, gələn il, U-20 dünya çempionatına şərikli evsahibliyi edəcək. Bunun ölkəmizin beynəlxalq idman reytinqinə və idman turizminin inkişafına təsirini necə qiymətləndirirsiniz?
- Əslində, bu, 20 yaşadək futbolçuların Özbəkistanla birgə dünya çempionatına hazırlığın ən əhəmiyyətli səviyyəsidir.
Çünki bunu təşkil etmək təcrübəmiz gələcəkdə daha böyük futbol təşkilatçılığının həyata keçirilməsinə rəvac verə bilər. Mən düşünürəm ki, biz perspektiv olaraq 20 yaşadəklərin dünya çempionatına, özbəkistanlı qardaşlarımızla bir yerdə hazırlıq prosesinə həm də qədəm qoymuşuq.
- Bu yaxında keçirilən "Sabahın Ulduzları" turnirini izlədiyinizi bilirik. Azərbaycanlı yeniyetmələrin dünya çempionatındakı oyunlarını necə, izləmisinizmi?
- “Sabahın ulduzları” çox böyük ümid yaradırdı. O turnirdə klub komandalarının tərkibində olan yeniyetmələr oynayırdı və bu da xeyli səviyyəli futbolçunu üzə çıxartdı. İndi bu yarışları da izləyirik, hələ televiziya vasitəsilə. Çünki iş rejimimiz yoğun olur, ona görə stadiona baş çəkmək imkanımız olmur. Amma imkan düşsə, mütləq gedib canlı izləyəcəyik.
- Bir futbolsevər olaraq belə turnirlərin təşkili sizdə ölkə futbolunun gələcəyi ilə bağlı ümid yaradırmı? Bu miqyasda idman tədbirlərinin təşkili dövlətin bədən tərbiyəsi və idman siyasətinin hansı prioritetlərini əks etdirir?
- Bu festival həm də növbəti illər üçün potensialımızı üzə çıxaracaqdır. Nəyə qadirik? Hazırlıq səviyyəmiz nədir? Bizim maddi-texniki bazamız hansı səviyyədə inkişaf edib?
Qısa müddətdə Hövsanda bu imkanların gerçəkləşməsi, stadionların salınması həm də AFFA-nın çevik fəaliyyəti kimi qiymətləndirilməlidir.
Bu təşkilatçılıq işi yüksək səviyyədə aparılsa, Azərbaycan beynəlxalq reytinqlərdə bir idman ölkəsi kimi, idmana ev sahibliyi edən bir ölkə kimi böyük nüfuz qazana biləcək.
- Bu çempionatda kəşf olunacaq gənc istedadların gələcəkdə böyüklərdən ibarət milli komandaların özəyini təşkil etməsi üçün hansı addımlar atılmalıdır?
- Bunu indidən söyləmək çətindir, amma bu, belə olmalıdır. Biz uşaq futboluna, yeniyetmə futboluna xüsusi diqqət ayırmalıyıq. Bunun üçün də yaxşı stadionlarımız olmalıdır. Bu yaxşı stadionlarda zədələnməyən, təsadüfən zədələnib sıradan çıxmayan futbolçuların gələcəyini biz düşünməliyik. Çünki stadion pis olanda futbolçu yetişdirmək də çətin olur.
Hər halda, bu məsələlər ətrafında ciddi müzakirələr aparılmalıdır. Bu fürsəti biz doğru dəyərləndirməliyik. Çünki əgər belə bir mötəbər beynəlxalq yarış keçiririksə, deməli, hər detal gələcəyin sisteminin qurulmasına xidmət eləməlidir.
Ümid edirəm ki, bu festival da bizim gələcəyimizin qurulmasına öz töhfəsini verəcək. Çünki buradan seçilən gənc futbolçular Azərbaycanı həm daxildə, həm də beynəlxalq arenada, başqa aparıcı klublarda uğurla təmsil edəcəklər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər