Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsi çərçivəsində dünən keçirilən "Səbail" - "Zirə" qarşılaşması Azərbaycan futbolunun ən qəribə oyunlarından biri kimi yadda qaldı. Əlbəttə, "Səbail"in elitanın ən möhkəm komandalarından biri ilə başabaş mübarizə aparması, matçın 90 dəqiqəsinin 1:1, əlavə vaxtının 2:2 hesabı ilə başa çatması, "qartallar"ın oyunsonrası penaltilərdə çətinliklə qələbə qazanması rəqabət adına xoş mənzərədir. Bütün bunlar öz yerində, baş hakim Səbuhi Bayramovun fiaskoya uğraması isə sözün əsl mənasında, ikili hisslərə meydan verir. Bu biabırçılığa gülənlər də var, başını əlləri arasında sıxıb "vay" deyənlər də...
Ən yaxın keçmişə qədər Premyer Liqa hakimi sayılan Bayramovun matçın öhdəsindən gələ bilməməsi faktdır. Ədalət təmsilçisinin metodiki səhvlərini, bəzi epizodlarda hadisələrin inkişaf mərkəzindən kənarda qalmasını nəzərdə tutmuram, adamın "dənizçilər"in vingeri Samuel Nonqoha (Samuel Nnongoha) 2 sarı vərəqə verəndən sonra ona "qırmızı" göstərməməsi isə əsl rəzalətdir. Maraqlıdır ki, referi 80-ci dəqiqədə ikinci "sarı"nı göstərəndən sonra 4-cü hakim Vaqif Vəliyevlə nə barədəsə məsləhətləşir və qərarını qüvvədə saxlayır. Sual yaranır: Səbuhi bəy verdiyi vərəqələri cib dəftərçəsinə qeyd etməyib, yoxsa fikri ona tapşırılan oyunda deyilmiş? Matçın protokoluna baxarkən 68 və 80-ci dəqiqələrdə "sarı" alan legionerin 90-cı dəqiqədə əvəzləndiyini görürük. Bir sözlə, əsl muzeylik protokoldur.

Referinin böyük səhvi səbəbindən 90+1 və 117-ci dəqiqələrdə 2 qol vuran "Səbail" oyunsonrası penaltilərlə qələbə qazansaydı, necə olacaqdı? Bu mənada Bayramovun bəxtinin gətirdiyi dəqiqdir. Bəlkə də Tanrı ədalət təmsilçisinin daha çətin vəziyyətdə qalmaması üçün ədaləti özü bərqərar etdi, bəlkə də belə sonluq tam təsadüfi alındı. Ancaq bütün hallarda bir qucaq üzüntü, bir qucaq da gülüş obyektinə çevrilən görüşün "baş qəhrəman"ı oyunu oyuncağa döndərən Səbuhi Bayramov oldu. İstəyirsiniz gülün, istəyirsiniz ağlayın...
Nihat