Azərbaycanın daha bir sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, 86 kq dərəcəsində mübarizə aparan Arseniy Cioyev (Arseniy Tsioyev) 1/4 finalda Yunanıstanın dünya və Avropa çempionu Georgios Kugiumtsidisi (Georgios Kougioumtsidis) 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Onun yarımfinalda rəqibi Gürcüstan təmsilçisi Vladimeri Qamkrelidze (Vladimeri Kamkrelidze) olacaq.
Xatırladaq ki, bu gün həmçinin, Giorgi Meşvildişvili (125 kq) yarımfinala vəsiqə qazanıb. Onun finala gedən yolda rəqibi Rusiya təmsilçisi Abdulla Kurbanovdur.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər iki güləşçidən Kənan Heybətov (70 kq) ilk döyüşündə Vasil Şuptarı (Ukrayna) 8:2 hesabı ilə məğlub edərək 1/4-ə yüksəlib. O, yarımfinala vəsiqə uğrunda Zane Rutherford (ABŞ) ilə qarşılaşmada uduzub - 0:7.
61 kq çəkidə güləşən Nurəddin Novruzov isə turnirdəki debütündə qazaxıstanlı Asıl Aytakına (Asıl Aytakın, Asyl Aitakyn) 4:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.