Bu gün U-15 millimiz Əfqanıstan (Afghanistan) yığması ilə əsas vaxtda bərabərə qaldıqdan sonra (3:3) penaltilər seriyasında rəqibə 2:3 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, matçın ardınca U-16 millimizin baş məşqçisi Famil Xəlilov kollektivin FIFA U-15 dünya çempionatı və festivalında iştirakını başa vurmasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Onun açıqlaması belə olub:
- Yığma komanda 83-cü yer uğrunda qarşılaşmada Əfqanıstana penaltilər seriyasında məğlub oldu. Yəqin ki, daha yaxşı nəticə gözləyirdiniz?
- Təbii ki, daha yaxşı nəticə əldə etməyi arzulayırdıq. Lakin dünən Vyetnama (Việt Nam, Vietnam) qarşı ağır məğlubiyyətdən sonra futbolçular psixoloji baxımdan özlərinə gələ bilmədilər. Onları qarşılaşmaya kökləməyə çalışdıq. Təəssüf ki, bəzi məqamlarda bunun çatışmazlığı hiss olundu.
- Aşağı yerlər uğrunda mübarizə aparmaq futbolçuların motivasiyasına mənfi təsir göstərdi?
- Xeyr. Əgər bu gün final mərhələsində iştirak etmək istəyirdiksə, qrupda sonuncu yeri tutmağımız belə, bizə bu imkanı verirdi. Biz qrupda mümkün olan ən yaxşı nəticəni göstərərək daha güclü komandalarla qarşılaşmağı, futbolçularımızın çatışmazlıqlarını və zəif tərəflərini görməyi hədəfləmişdik. Əks halda, qrupu 4-cü və ya 5-ci pillədə başa vurub final mərhələsində divizionun çempionluğu uğrunda mübarizə apara bilərdik. Əsas məsələ bu gün bizə nəyin lazım olduğunu düzgün müəyyənləşdirməkdir.
- Futbolçularımız rəqibdən hansı komponentlərdə geri qalırdı?
- Deyə bilərəm ki, bu nəslə və futbolçulara inanmaq lazımdır. Çox istedadlı oyunçularımız var. Bunu şanssızlıqla, yaxud qarşılaşmaya tam köklənə bilməmələri ilə əlaqələndirmək olar. Amma futbolçularımızın keyfiyyəti göz qabağındadır. Onların cəmi 14-15 yaşları var. Belə bir turnirdə ilk dəfə iştirak edirlər. Hətta ölkə xaricinə çıxmayan, ilk beynəlxalq təcrübəsini yaşayan uşaqlarımız da var. Altı gün ərzində 10 oyuna çıxmaq onlar üçün kifayət qədər ağır qrafikdir.
- Hansı nəticə sizin üçün yaxşı olardı?
- Qrupumuz bəlli olduqdan sonra əsas məqsədimiz birinci yeri tutmaq və daha güclü komandalarla qarşılaşmaq idi. Komandamız Çili (Chile), Avstraliya (Australia) və Haiti ilə oyunlarda da yaxşı çıxış etdi. Sadəcə, futbolçular təcrübəsizlikdən müəyyən səhvlərə yol verdilər və rəqiblər də bundan yararlandılar.
- Uşaqlara inanmaq lazım olduğunu deyirsiniz. Artıq 30 ilə yaxındır ki, eyni fikirləri eşidirik. İstedadlı futbolçularımız olsa da, 14-15 yaşlarında olan oyunçular 17-18 yaşlarında daha da inkişaf edə bilmirlər. Bu inkişafın qarşısını nə alır?
- 20 il akademiyada çalışmışam. Futbolçuların yetişməsi üçün daha çox beynəlxalq turnirdə iştirak etməyimiz vacibdir. Onlar daha güclü rəqiblərlə qarşılaşmalıdırlar ki, belə vəziyyətlərdə oyuna köklənməyi bacarsınlar.
- Qarşılaşmaları AFFA rəhbərliyi də izləyirdi. Əfqanıstanla oyundan sonra sizə nə dedilər?
- Bu, bizim ilk turnirimiz idi. Onlar da gəlib əlimizi sıxdılar. Hələ görüləsi çox işimiz var. Artıq çatışmazlıqlarımızı müəyyənləşdirmişik. Bundan sonra U-17 millisini Avropa çempionatının seçmə mərhələsinə hazırlamaq üçün kifayət qədər vaxtımız olacaq.
- Futbolçuların yetişdirilməli olduğunu klubların üzərinə qoyursunuz. Azərbaycan Premyer Liqasında limit ləğv edilib. Belə olan halda, klublar hansı səbəbdən futbolçu yetişdirməyə maraq göstərsinlər?
- Bu məsələ ilə bağlı fikir bildirmək istəmirəm. Bizim vəzifəmiz yalnız əlimizdə olan futbolçuları daha yüksək səviyyəyə çatdırmaqdır.
Əlisahib İbrahimli