Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycanın daha dörd təmsilçisi mübarizəyə qoşulacaq.
Belə ki, bu gün Nurəddin Novruzov (61 kq), Kənan Heybətov (70 kq) və Arseni Cioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar. Onlardan Novruzov, Heybətov və Meşvildişvili ilk mərhələdən azaddır. Cioyev isə ilk sınaqda Bəhreyn təmsilçisi Xıdır Saypudinovla (Bəhreyn) üz-üzə gələcək.
Ötən gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) yarışı medalsız başa vurublar.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.