Qazaxıstanın Astana şəhərində keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın altıncı günündə Azərbaycanın üç təmsilçisi xalça üzərinə çıxıb.
65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Rəşid Babazadə ilk görüşündə qırğızıstanlı Tairbek Jumasbek Uuluya 8:9 hesabı ilə məğlub olub.
97 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Maqomedxan Maqomedov növbəti mərhələyə yüksəlib. O, belaruslu Aleksandr Huştini (Aliaksandr Hushtyn) tam üstünlüklə (17:7) məğlub edərək 1/8 finala vəsiqə qazanıb. Maqomedov bu mərhələdə Arturo Silot Torresi (Kuba) 18:16 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Güləşçimiz yarımfinala vəsiqə uğrunda Əhməd Tajudinov (Bəhreyn) ilə qarşılaşacaq.
Qadın güləşçimiz Ruzanna Məmmədova da 1/8 final mərhələsinə yüksəlib. 59 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yaponiyalı Natsuki Yamaquçini (Natsuki Yamaguchi) 5:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb. Ancaq o, 1/8 finalda Men Yu Şiyeyə (Çin) 5:8 hesabı ilə uduzub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 medal var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.