"Onların belə mübarizə aparacaqlarını gözləmirdim. Bizi yaxşı mənada təəccübləndirdilər".
Fanat.Az xəbər verir ki, bunu futzal üzrə UEFA Çempionlar Liqasının əsas seçmə mərhələsində Bosniya və Herseqovina çempionu “Buba Mara”ya uduzan “Araz-Naxçıvan”ın oynayan məşqçisi Fərid Ələkbərov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
Gənc məşqçi ötən gün baş tutan oyunu belə şərh edib:
“Bosniya və Herseqovina çempionu bizimlə görüşə tam heyətlə çıxmışdı. Belə ki, onların əsas oyunçusu Pereç (Pereč, Perec) qırmızı vərəqə aldığına görə I turda “Piast”la matçı buraxmışdı. Oyunun gedişində hesabda önə keçdik. Ancaq oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik. İstər fiziki hazırlıq, istərsə də qol epizodu yaratmaq baxımından komandamız yaxşı tərəfdən seçilirdi. Hesab 2:2 olan vaxt boş qapıya düşə bilmədik. Onu edə bilsəydik, qələbə qazanmaq şansımız az deyildi. Ümumiyyətlə, qrupumuzdakı rəqiblərin heç biri zəif, asan udulacaq kollektiv deyil. Hər biri oturuşmuş heyətə malikdir, əksəriyyəti illərdir eyni komandada çıxış edirlər. Bizim bir gün əvvəl yendiyimiz “Uypest” (Újpest, Ujpest) meydan sahibi və qrupun əsas favoriti hesab edilən “Piast”la heç-heçə etdi. Qrup liderinin kimliyinə sonuncu turun oyunlarından sonra aydınlıq gətiriləcək. Elə vəziyyət yaranıb ki, bu hüququ hər bir komanda qazana bilər.
“Araz-Naxçıvan” bu ildən sırf yerli futzalçılardan – millinin üzvlərindən qurulub. Onların belə mübarizə aparacaqlarını açığı gözləmirdim. Yaxşı mənada təəccübləndirdilər”.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupun ilk oyununda “Uypeşt”i 5:4 hesabı ilə məğlub edib, ikinci görüşdə isə “Buba Mara”ya 3:5 hesabı ilə uduzub. Təmsilçimiz oktyabrın 30-da Bakı vaxtı ilə saat 22:00-da Polşanın “Pyast” klubu ilə qarşılaşacaq.