İspaniyanın “Real Madrid” klubu 2027-ci ilin yay transfer pəncərəsi üçün ilk transfer qərarını verib.
Fanat.Az xəbər verir ki, informasiyanı “FootballTransfers” yayıb.
Mənbənin məlumatına görə, Madrid təmsilçisi İtaliyanın “Komo” (Como) klubunda çıxış edən Xakobo Ramonun (Jacobo Ramón, Jacobo Ramon) transfer hüquqlarını geri almaq niyyətindədir.
“Real Madrid” 21 yaşlı müdafiəçini 2025-ci ildə 2,5 milyon avroya “Komo”ya satarkən müqaviləyə geri satınalma bəndi əlavə edib. İspaniya klubu gələn yay həmin imkandan istifadə edərək futbolçunu 9 milyon avrodan aşağı məbləğə geri qaytara bilər.

Bildirilir ki, Madrid klubu futbolçunun İtaliyadakı çıxışından razıdır və onun inkişafını yaxından izləyir.
Bununla belə, “Real Madrid” Ramonla bağlı fərqli planlar da qura bilər. Belə ki, “Mançester Yunayted” (Manchester United) və “Çelsi”nin (Chelsea) də müdafiəçiyə maraq göstərdiyi bildirilir. Madrid təmsilçisi onu əsas komandaya cəlb edə və ya daha yüksək məbləğə sata bilər.
Qeyd edək ki, Xakobo Ramon “Komo”nun heyətində göstərdiyi çıxışlarla Avropanın bir sıra klublarının diqqətini çəkib.
Əlisahib İbrahimli