Türkiyəli futbol şərhçisi Əmrə Bol “Qalatasaray”ın (Galatasaray) hücumçusu Viktor Osimhenin (Victor Osimhen) çıxışını yüksək qiymətləndirib.
Fanat.Az xəbər verir ki, mütəxəssis nigeriyalı futbolçunun Türkiyə Super Liqası üçün çox güclü olduğunu bildirib.
Əmrə Bol “SporON”un “YouTube” kanalında çıxışı zamanı Osimhenin oyunlara təsirindən danışıb:
“Osimhen bu liqa üçün həddindən artıq güclüdür. O, çempionatın taleyini həll edə biləcək futbolçulardandır. Uzun illərdir meydana çıxanda oyuna bu qədər böyük təsir göstərən başqa bir futbolçu xatırlamıram. O, matçlara damğasını vurur və 100 faiz təsir göstərir”.
Qeyd edək ki, Osimhen “Fənərbağça” ilə İstanbul derbisində dubl edərək komandasının 2:1 hesablı qələbəsində əsas pay sahibi olub.
27 yaşlı hücumçu 2024-cü ilin sentyabrında “Napoli”dən icarə əsasında “Qalatasaray”a keçib, 2025-ci ilin iyulunda isə İstanbul təmsilçisi onun transfer hüquqlarını birdəfəlik əldə edib.
Nigeriyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 41 matçda 37 qol vurub və 8 məhsuldar ötürmə edib. O, Türkiyə çempionatının bombardiri də olub.
Əlisahib İbrahimli