BOS-da pərvaz edən "bayquş" - Bəxt də güclünün tərəfində oldu

BOS-da pərvaz edən "bayquş" - Bəxt də güclünün tərəfində oldu

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak hüququ qazanan "Sabah" dünən Bakı Olimpiya Stadionunda (BOS) Çexiya "Slaviya"sını (Slavia Praha, Slavia Prague) qəbul etdi. Praqa komandasını 2:0 hesabı ilə məğlub edən "bayquşlar" qitənin ən nüfuzlu klub turnirindəki birinci ev oyununda 3 xal əldə etdi. Əlbəttə, "çəhrayı-qaralar"ın yerli futbolsevərlərə yaşatdığı sevinc böyük futbol hadisəsi, Azərbaycan adına möhtəşəm nəticədir.

Düzgün yanaşma
"Sabah"ın "Slaviya"nı evə əliboş göndərməsi şübhəsiz, sürpriz sayılmır. Matç ərəfəsində həm mütəxəssislər, həm də futbol ictimaiyyətinin digər nümayəndələri nikbin idi. Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskasın komandanı qismən münasib rəqibə qarşı necə hazırladığı matçın ilk 10 dəqiqəsində sezilməyə başladı. Yeri gəlmişkən, uzun sürən zədədən sonra mərkəz müdafiəçisi Stiv Solvetin (Steve Solvet) start "11-lik"də yer alması bir qədər gözlənilməz fakt oldu. Sözügedən legioner oyunu başa çatdırmağa gücü yetmədiyi üçün sonradan Rəhman Daşdəmirovla əvəzlənsə də, yetərincə inamlı təsir bağışladı. Litvalı çalışdırcının futbolçulara yaxşı motivasiya verdiyini, qonaqların zəif və güclü tərəflərinin yüksək səviyyədə təhlil edildiyini başa düşmək o qədər də çətin deyildi. Doğrudur, "Slaviya" da bir neçə kəsərli əks-hücumla stadiona toplaşan azarkeşlərə həyəcanlı anlar yaşatdı. Maraqlı məqamlardan biri "Sabah"ın rəqib qapısına yaxınlaşdığı anlarda daha ciddi təhlükələr yaratması idi. Kahim Parrisin (Kaheem Parris) matçın 17-ci dəqiqəsində oyundankənar vəziyyətdən vurduğu qol qeydə alınmadığı məqamda belə, matçı izləyənlər təmsilçimizin oyun ərzində bir neçə real qol vəziyyəti yaradacağına inanırdı. İlk dəqiqələrdən nəzərə çarpan komanda ruhu "bayquşlar"ın matçı arzulanan sonluqla yekunlaşdıracağını proqnozlaşdırmağa real əsas verirdi.
BOS-da pərvaz edən "bayquş"- Bəxt də güclünün tərəfində oldu
Hesabı 49-cu dəqiqədə məhz Parrrisin açması da özlüyündə xüsusi faktdır. Hərçənd ümumi baxsaq, tarixi zəfərin doğru yanaşmadan, düzgün mentalitetdən qaynaqlandığı dəqiqdir.
Bəxt güclünün tərəfindədir
Hə, "Slaviya" ÇL-in əsas mərhələsində təsadüfən mübarizə aparmadığını oyunu və yaratdığı qol vəziyyətləri ilə isbatladı. Amma kritik anlarda topun "Sabah"ın qapısından keçməməsini idman xoşbəxtliyinin ayağına yazmaq da mübahisəlidir. Reallıq budur ki, futbolda əksər hallarda bəxt güclünün tərəfində olur. Şanslarından daha yaxşı istifadə edən, fiziki planda nə dərəcədə hazırlıqlı olduğunu 88-ci dəqiqədə ikinci qolu vuraraq ortaya qoyan "çəhrayı-qaralar" tarixi qələbəni haqq edirdi.
"Borussiya" (Borussia Dortmund) daha güclüdür, amma...
Növbəti rəqib adlı-sanlı Dortmund "Borussiya"sıdır və təbii ki, bütün komponentlərdə "Slaviya"dan güclü komandadır. Almaniya nəhəngi ilə münasibətlərinə oktyabrın 20-də, eyni məkanda aydınlıq gətirəcək təmsilçimizin artıq bu matçda da xal qazanmaq ehtimalı az deyil. ÇL-dəki hər qələbə böyümək yolunda atılmış böyük addımdırsa, deməli, Çexiya komandasının inamla üstələnməsi də heyətdəki bütün futbolçulara olduqca dəyərli özünəinam bəxş edib. "Arılar"la dueldə mümkün yenilginin faciə sayılmayacağını nəzərə alsaq, psixoloji üstünlük sürpriz etməyə hazırlaşan Azərbaycan çempionunun tərəfində olacaq. İndilik ən yaxşısına ümid edək...
"Bayquşlar" qazandı, İsrail geridə qaldı
"Sabah"ın bu qələbəsi ölkəmizin reytinq hesabını 0,500 əmsal zənginləşdirdi. Nəticədə, cari mövsümdə qazanılan əmsal 5.625-ə çatdı. Bunun 3.500 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.
BOS-da pərvaz edən "bayquş"- Bəxt də güclünün tərəfində oldu
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 24.187-yə bərabərdir. Dünənki qələbədən sonra Azərbaycanın qitə sıralamasında mövqeyi də dəyişdi. Ölkəmiz İsraili geridə qoyaraq 25-ci yerdən 24-ə yüksəldi. Hazırda ən yaxın izləyicimiz İsrailin 24.125 əmsalı var. Bir pillə öndə - 23-cü yerdə qərarlaşan Ukraynanın ümumi qazancı isə 24,337-yə bərabərdir.
Bizi üzməyən antirekord
Nüfuzlu statistika portalı "Opta"nın məlumatına görə, "Sabah" – "Slaviya" (Çexiya) oyununda antirekord qeydə alınıb. Belə ki, qarşılaşmada qapı "çərçivə"sinə ilk zərbə yalnız 35-ci dəqiqədə vurulub. Bu göstərici qitənin ən nüfuzlu klub turnirinin tarixində statistik məlumatların toplanmağa başlandığı dövrdən (2003/2004 mövsümündən) bəri "çərçivə"yə birinci zərbənin vurulması üçün ən uzun müddət olaraq tarixə düşüb.
Mütəxəssislər nə deyir?
Matçın ardından tanınmış futbol mütəxəssislərinin də fikirlərini öyrənmək vacib idi. Azərbaycan millisinin sabiq müdafiəçisi və baş məşqçisi Arif Əsədovu dinləyək: "İlk növbədə komandanı, futbolçuları, məşqçilər heyətini və klub rəhbərliyini qələbə münasibəti ilə təbrik edirəm. Dünənki oyun bir daha göstərdi ki, "Sabah" layiqli şəkildə Çempionlar Liqasının Liqa mərhələsində iştirak edir. Qarşılaşma xüsusilə ilk hissədə və qola qədər bərabər səviyyədə gedirdi. Komandamız hesabı açdıqdan sonra sonra rəqib daha da irəli çıxmaq istədi, müdafiədə boşluqlar yarandı və "Sabah" əks-hücumlarda fürsətlər əldə etdi. Ümumi görüş düşündüyümüz kimi gedirdi, yəni hər iki komanda qalib gəlmək üçün meydana çıxmışdı. Tərəflərə 3 xal lazım idi. Burada taktikalar və futbolçuların keyfiyyəti öz sözünü dedi. "Sabah" planlaşdırmışdı ki, əgər orta xətdə üstünlük əldə edə bilsə, istədiyi nəticəni qazana bilər. Bu da matçda göründü ki, təmsilçimiz ortadakı dominantlığı ələ keçirmişdi. Ona görə bəzi hallarda görürdük ki, əks-hücumlarda rəqibi 4-ə 3, 5-ə 3, bu say çoxluğunda yaxalayır və çox gözəl imkanlar yaradırdılar. Qarşı tərəf də, dediyimiz kimi, asan komanda deyildi, onların da imkanları oldu, amma istifadə edə bilmədilər. Oyunçuların keyfiyyəti və ustalığı öz sözünü dedi. Vacib anlarda lazım olan qolları vura bildilər. Uğurun davamı gəlsin! Bu qələbə göstərdi ki, "Sabah" istənilən rəqibə qarşı sürpriz etməyə qadir olan komandadır".
Millimizin sabiq yarımmüdafiəçisi Aslan Kərimovun dedikləri isə belə oldu: "Görüşlə bağlı yalnız xoş sözlər deməyim mümkündür. Əslində, matçdan öncə komandaların şanslarının bərabər olduğunu qeyd eləmişdim. Elə statistikaya da baxdım və hər iki tərəfdə topa sahib olma göstəricisi 50-50-yə idi. Oyunun gedişatında da, əslində, bəlkə də topa nəzarət edən tərəf bir az daha çox biz idik.
Qol imkanlarına gəlincə, biz hesabı açana qədər bir az bərabərsəviyyəli oyun gedirdi. Müdafiəçilərimiz özlərini sipər edərək bəzi epizodlarda qapımızı qoldan xilas elədilər. O cümlədən, bizim fərqlənmək üçün müəyyən şanslarımız olurdu, onların qapıçıları yaxşı çıxış edirdi. Ümumilikdə götürəsi olsaq, Çempionlar Liqasına layiq bir görüş izlədik. Oyundan öncə verdiyim açıqlamalarda dediyim "bu oyunun taleyini detallar həll edəcək" məsələsində elə o incəliklər görüşün nəticəsini müəyyənləşdirdi. Rəqibin bizim üzərimizə gələrkən onları əks-hücumda yaxalamağımız, qarşı tərəfi öz silahı ilə vurmağımız ikinci hissənin əvvəlində qola gətirib çıxartdı.
1:0-dan sonra daha çox qol imkanlarımızın olacağı ortaya çıxdı ki, bu da rəqibi artıq daha riskli oynamağa məcbur edirdi. Düzdür, rəqib bizim üzərimizdə təzyiq yaradırdı, amma bundan ağıllı istifadə edib ikinci qolu da vurduq. Bundan sonra oyunun məcrası tamamilə dəyişdi. Yenə onlar basqı ilə oynamağa çalışırdılar, nəsə dəyişmək istəyirdilər, ancaq artıq özlərinin də müdafiələri dağılmışdı. İkinci dəfə fərqlənəndən sonra artıq tam olaraq bu oyundan üç xal qazanacağımız açıq-aşkar göründü. Çempionlar Liqasında qrup mərhələsində komandamızın ilk qələbələrini və üç xalını qazanmaqları möhtəşəm idi.
Dortmund "Borussiya"sına gəlincə, hesab edirəm ki, bu, tamamilə fərqli bir oyun olacaq. Rəqib artıq Çempionlar Liqasının mütəmadi iştirakçısı kimi burada böyük təcrübəyə malikdir. Komandaların gücü etibarilə də Almaniya təmsilçisi artıq "Slaviya" deyil, yəni Dortmund "Borussiya"sı daha ciddi rəqibdir. Onlara qarşı oynayarkən düşünmürəm ki, "Slaviya" ilə yaratdığımız qol imkanları və yaxud da topa sahib olmaq baxımından oyuna o qədər hökm edə bilək. Bəlkə də, bunu eləmək mümkündür, amma oyunun məcrası bir az tamamilə başqa cür keçəcək. Hər halda, Almaniya klubu ilə görüşdə müəyyən qədər bizim qol şanslarımız olacaq. "Slaviya" ilə oyunda da bizim cinah hücumçularımızın istər Kahim Parris, istər Velko Simiç (Veljko Simić, Veljko Simic), istərsə də Coy Lens Mikels (Joy-Lance Mickels) olsun bu futbolçular irəli xətdə çox effektiv oynamağı bacardılar. Məncə, Dortmund "Borussiya"sı ilə də belə qol situasiyaları yüzdəyüz yaradılacaq. Sadəcə olaraq, "Slaviya" ilə matçda olduğu kimi, bu fürsətləri həyata keçirmək lazımdır".
Nihat Ağasoy
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub.
BOS-da pərvaz edən "bayquş"- Bəxt də güclünün tərəfində oldu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər