Abbasovla başladı, Eyubovla bitdi - U-21-in tarixi nəticəsinə sözardı

Abbasovla başladı, Eyubovla bitdi -  U-21-in tarixi nəticəsinə sözardı
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən 2027-ci il Avropa çempionatının seçmə mərhələsi həftəiçi başa çatdı. B qrupunda mübarizə aparan Azərbaycanın millisi çıxışını major notda başa vurdu. Doğrudur, noyabrın 6-da Bakıda keçirdiyi son matçda Cəbəllütariqi 3:0 hesabı ilə məğlub etməsi turnir cədvəli nöqteyi-nəzərindən yığmamızın mövqeyini əhəmiyyətli dərəcədə dəyişmədi. U-21 6 komanda arasında beşinci yeri tutdu. Ancaq seçmə mərhələnin yekunu yalnız turnir cədvəlindəki mövqe ilə ölçülməməlidir. Bu yaş qrupunda əsas məqsədlərdən biri futbolçuların inkişafı, onların beynəlxalq təcrübə qazanması və gələcəkdə əsas milliyə namizədlərin hazırlanmasıdır. Bununla belə, nəticələr, oyunların gedişatı və komandanın rəqiblər qarşısındakı rəqabət qabiliyyəti də ciddi təhlil tələb edir.
10 oyun, 10 xal: Evdə yalnız Portuqaliyadan xal alınmadı
U-21 seçmə mərhələdə keçirdiyi 10 oyunda 2 qələbə qazandı, 4 heç-heçə etdi və eyni sayda məğlubiyyətlə üzləşdi. Komanda bu görüşlərdə rəqib qapılarına 11 qol vurub, öz qapısından isə 29 top buraxdı. Sözsüz ki, bu göstəricilər yığmanın əsas probleminin müdafiənin yetərsizliyi olduğunu deməyə əsas verir. Ancaq digər tərəfdən, hücuma daha çox aludə olan, müdafiənin qayğısına qalmayan komanda üçün bu, normaldır.
Abbasovla başladı, Eyubovla bitdi - U-21-in tarixi nəticəsinə sözardı
İnsafən, millimizin seçmə mərhələdəki ilk sınağı çətin rəqibə qarşı oldu. Qrup liderliyini birnəfəsə təmin edən Portuqaliya ilə səfərdə baş tutan oyundakı məğlubiyyət özünəinamı sarsıtdı. Ardınca Bolqarıstanla ev oyununda 1 xal əldə olunması müəyyən qədər işə yaradı. Ümumiyyətlə, komandanın ev və səfər görüşlərini təsnifatlaşdırsaq, xoşagələn məqam diqqətdən yayınmır. U-21 doğma meydanda yalnız Portuqaliyaya uduzub. Qalan 4 görüşdə 6 xal əldə olundu.
Şotlandiya ilə məhsuldar heç-heçə, Bolqarıstanla hər iki oyunda xal qazanılması və Cəbəllütariq üzərində iki qələbə komandanın müəyyən rəqabət potensialına malik olduğunu göstərir. Lakin bu potensialın daha yüksək nəticələrə çevrilməsi üçün oyun intizamı, müdafiə etibarlılığı və hücumdakı səmərəlilik üzərində əlavə işə ehtiyac var.
Ayxan Abbasovdan Rəşad Eyubova: Dəyişiklik nə verdi?
U-21 millisi seçmə mərhələyə Ayxan Abbasovun rəhbərliyi altında başladı, sonrakı dövrdə isə komandaya Rəşad Eyyubov başçılıq etdi. Beləliklə, tsikl ərzində həm nəticələr, həm də məşqçi dəyişikliyinin komandaya təsiri diqqət mərkəzində oldu. Sonradan əsas milliyə yollanan Abbasovun baş məşqçiliyi altında keçirilən ilk oyunlarda Portuqaliya və Çexiya kimi rəqiblərlə qarşılaşan U-21 böyükhesablı məğlubiyyətlər aldı. Ancaq Bolqarıstanla heç-heçə və Şotlandiya ilə 3:3 hesablı nəticə isə komandanın rəqabət imkanlarını göstərdi. Bu oyunlarda əldə olunan təcrübə növbəti mərhələdə də işə yaradı.
Rəşad Eyyubovun rəhbərliyi altında yığma Cəbəllütariq üzərində səfərdə 1:0 hesablı qələbə qazandı, Bolqarıstanla qolsuz heç-heçəyə nail ol, Portuqaliyaya uduzdu, Çexiya ilə heç-heçə etdi, Şotlandiya səfərindən məğlubiyyətlə qayıtdı və son turda Cəbəllütariqi 3:0 hesabı ilə məğlub etdi.
Məşqçi dəyişikliyinin yığmanın ümumi oyun keyfiyyətinə nə dərəcədə təsir etdiyini yalnız hesablar əsasında qəti şəkildə söyləmək mümkün deyil. U-21 səviyyəsində görülən işin nəticəsi futbolçuların inkişafında, komandanın oyun modelinin formalaşmasında və növbəti seçmə mərhələyə daha hazırlıqlı çıxmasında özünü göstərməlidir.
Abbasovla başladı, Eyubovla bitdi - U-21-in tarixi nəticəsinə sözardı
Növbəti mərhələ üçün hansı dərslər çıxarılmalıdır?
Gənclər millisinin seçmə mərhələdəki çıxışı gələcək planlaşdırma üçün bir neçə istiqaməti ön plana çıxarır. İlk növbədə, Rəşad Eyyubov postunda saxlanılmalı və onunla yola davam edilməlidir. Hər halda, U-21 onunla seçmə mərhələni 10 xalla başa vuraraq tarixi rekorda imza atdı. Buna qədər ən yaxşı halda, konkret, 9 xal toplamışdıq. 2002-ci ildə bunu reallaşdıran yığmanın heyətində o vaxt Rəşad Sadıqov, Zaur Haşimov, Aftandil Hacıyev, Samir Əliyev, Ramal Hüseynov kimi futbolçular çıxış edirdisə, 2017-dəki heyətdə Mahir Emreli, Bəhlul Mustafazadə, Ehtiram Şahverdiyev, Budaq Nəsirov, Yusif Nəbiyev kimi adlar yer alırdı. Rəşad Eyubovun komandası 10 xal həddini keçibsə, bunu bacaranlar da ehtiyat "qızıl nəsil" sayılmalı və yaxın gələcəkdə əsas milliyə də töhfə verməlidirlər.
O ki qaldı çıxarılacaq dərslərə, müdafiə xəttində sabitliyin yaradılması vacibdir. On oyunda 29 qol buraxmaq rəqiblərin yaratdığı təhlükələrin neytrallaşdırılması, müdafiəçilərlə yarımmüdafiə arasındakı əlaqə və komandanın top itkisindən sonrakı reaksiyası üzərində daha sistemli işləməyin vacibliyini göstərir.
Digər mühüm məsələ hücum potensialının artırılmasıdır. Millimizin 10 oyunda 11 qol vurması hücumda daha çox təhlükəli vəziyyət yaratmağa və mövcud fürsətlərdən səmərəli istifadə etməyə ehtiyac olduğunu göstərir.
Futbolçuların fərdi hazırlığı ilə yanaşı, komandanın oyun intizamı da əsas prioritetlərdən biri olmalıdır. Bu amillər gələcək seçmə mərhələlərdə nəticələrə birbaşa təsir göstərə bilər.
Eyni zamanda, U-21 millisini qiymətləndirərkən onun əsas milliyə futbolçu hazırlamaq funksiyası da nəzərə alınmalıdır. Gənc futbolçuların beynəlxalq səviyyədə qazandıqları təcrübə gələcək karyeraları üçün vacibdir. Ancaq inkişaf prosesi nəticələrdən ayrı düşünülməməlidir. İndiki məqamda nəticə, eləcə də yığmanın şən futbol oynaması, rəqiblərdən çəkinməməsi "ümid milli"yə ümidlə yanaşmağa əsas verir.
MÜTƏXƏSSİS RƏYİ
Arif Əsədov: "Milli komandamızı həm son oyundakı qələbə münasibətilə, həm də yeni göstəriciyə görə təbrik edirəm. U-21 millimizin əvvəlki göstəricisi 9 xal idisə, bu il 10 xal toplayaraq yeni bir xal rekorduna imza atdılar. Ümumiyyətlə, son dövrlərdə U-21 yığmamızda yaxşıya doğru inkişaf hiss olunur. Bir neçə oyunçunun A milli komandasına dəvət alması, hətta Ayxan Abbasovun bir neçə futbolçunu əsas heyətdə oynatması da buna sübutdur. İndiki U-21 millimizə baxsaq, perspektivli və yaxşı futbolçularımızın olduğunu görərik. Onlardan 4-5 nəfər artıq yaxın gələcəkdə A millimizə qoşula bilər. Proses yaxşıya doğru gedir. Vacibdir ki, bu futbolçular klublarında daha çox oyun şansı qazansınlar. Bu da futbolçuların özündən asılıdır. Hər bir futbolçu özünə fərdi şəkildə peşəkar yanaşsa, həm klubunun əsas heyət oyunçusuna çevrilər, həm də U-21-də beynəlxalq səviyyədə təcrübə toplayaraq yaxın gələcəkdə A millimizə qoşula bilər. Düşünürəm ki, yaxşıya doğru irəliləyiş və ümidverici cəhətlər var. Sadəcə olaraq, peşəkarlığı artırmaq üçün düşüncə tərzimizi və özümüzə yanaşmamızı bir qədər dəyişməliyik".
Aslan Kərimov: “Təbii ki, U-21 milli komandasının oyunlarını və inkişafını izləyərkən bunu qeyd edə bilərəm ki, Çexiya millisinə qarşı heç-heçə etməyimiz, daha sonra isə Şotlandiya millisinə 2:5 hesabı ilə məğlub olmağımız mənim üçün çox şeydən xəbər verdi. Çexlərin yeniyetmə və gənc futbolçuları arasında hər zaman güclü heyəti olub. Bu komandaya qarşı oynamaq, mübarizə aparmaq, müdafiəmizi toxunulmaz saxlamaq və rəqibə çox qol imkanı verməmək az iş deyil. Cəbəllüttariqlə oyunu kənara qoyuram, çünki necə olmağımızdan asılı olmayaraq, həmin görüşlərin ikisində də qələbə qazanmalı idik və bunun da öhdəsindən gəldik. Lakin Şotlandiya millisi ilə oyundakı 2:5 hesablı məğlubiyyət azarkeşlər üçün bəlkə də nikbin görünməyə bilər. Amma mən bu oyunda komandamızın nə qədər aktiv və öndə oynadığını, hücuma necə qətiyyətlə atıldığını gördüm. Fərdi səhvlərdən qollar buraxdıq. Bunları buraxmamalı idik, lakin bu cür xətalar aradan qaldırıla biləndir. Futbolçuların fərdi səhvlərini düzəltmək o qədər də çətin məsələ deyil. Heyətdə dəyişiklik edərək və ya üzərində işləyərək bu problemi həll etmək olar. Komandanın qətiyyətli olması, çəkinməməsi, daim hücumda qalması, rəqib qol vurduqda belə təzyiqi davam etdirib böyük qüvvə ilə irəli atılması, əslində, dönüm nöqtəsinin başlanğıcı ola bilər. Əgər milli komandamız geridə oturub müdafiə olunsa, topu kor-koranə uzaqlaşdırmağa çalışsa, bəlkə də Şotlandiya ilə görüş rəqibin 2:0 hesablı qələbəsi ilə bitəcəkdi. Lakin 2:5 hesablı məğlubiyyətə baxmayaraq, biz qətiyyətli futbol nümayiş etdirməyi bacardıq. Belə bir matçı gələcəkdə qələbəyə çevirmək müdafiədə oturub heç-heçə etməkdən daha asandır. Bu komandanın yalnız hücumçularla deyil, kollektiv şəkildə irəli getməsi gənc olmalarına baxmayaraq xarakter göstərdiklərini və hücuma meyilli olduqlarını sübut edir. Sadalananlar milli komandamız üçün böyük bir üstünlükdür. Ona görə də yığmamız bağlı çox müsbət düşünürəm. Əgər bu oyunu qoruyub saxlaya bilsək, buraxılan səhvləri aradan qaldırmaq elə də çətin olmayacaq”.
YEKUN TURNİR CƏDVƏLİ
B qrupu
1. Portuqaliya 10 8 1 1 35-2 25
2. Çexiya 10 5 3 2 17-6 18
3. Şotlandiya 10 5 2 3 25-12 17
4. Bolqarıstan 10 4 2 4 9-10 14
5. AZƏRBAYCAN 10 2 4 4 11-24 10
6. Cəbəllütariq 10 0 0 10 1-44 0
Ev oyunları
Portuqaliya - 0:4
Çexiya - 1:1
Şotlandiya - 3:3
Bolqarıstan - 1:1
Cəbəllütariq - 3:0
Səfər oyunları
Portuqaliya - 0:5
Çexiya - 0:5
Şotlandiya - 2:5
Bolqarıstan - 1:1
Cəbəllütariq - 1:0
HEYƏT və GÖSTƏRİCİLƏR
Abbasovla başladı, Eyubovla bitdi - U-21-in tarixi nəticəsinə sözardı
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub.
Abbasovla başladı, Eyubovla bitdi - U-21-in tarixi nəticəsinə sözardı
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər