"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Barselona" ilə üz-üzə gələcək. Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevlə əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Biz “Barselona”nı Bakıda görəcəyik. Yəni bu cür ulduzları, belə bir dünya nəhəngi komandanı Azərbaycanda görmək, canlı izləmək həqiqətən də bizim azarkeşlər, futbolsevərlər üçün bir bayramdır.
Yəni burada nəticəni gözləmək, nəticəyə baxmaq lazım deyil. Sadəcə "Sabah" və bizlər bu oyundan həzz almalıyıq. Real görünən güclər bərabər deyil. "Barselona" bir neçə dəfə "Sabah"dan öndədir. Ancaq sensasiya da yaratmaq olar. Bu futboldur, futbolda hər şey olur. Az bir faiz də olsa, futbolda həmişə o faiz qalır.
Ümid edirəm ki, yaxşı bir oyun görəcəyik. Düşünürəm ki, stadion da dolu olacaq. Biz oyundan zövq almalıyıq. "Sabah"ın bu cür komanda ilə qarşılaşması tarixi bir andır.
Düşünürəm ki, bu, futbolçuların yaddaşında qalan bir şey olacaq. Ona görə ki, belə futbolçulara qarşı oynamaq hər bir futbolçuya nəsib olmur. "Sabah"a uğurlar!"
Xatırladaq ki, görüş noyabrın 25-də baş tutacaq. Matçın start fiti saat 21:45-də səsləndiriləcək.
Əlisahib İbrahimli