"Barselona" nə qədər güclü komanda olsa da..." - Aslan Kərimov

"Barselona" nə qədər güclü komanda olsa da..." -  Aslan Kərimov

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda İspaniya nəhəngi "Barselona" ilə qarşılaşacaq.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Mənim hər dəfə verdiyim müsahibələrdə səsləndirdiyim fikirləri artıq Valdas Dambruskas özü də təsdiqlədi. “Qarabağ”ın ötən il Çempionlar Liqasında keçirdiyi oyunlarla bağlı dediyim fikirlərin hər zaman arxasındayam. Biz bəzən olduğumuzdan daha yüksək səviyyəyə qalxırıq. "Vikinq", "Slaviya Praqa" kimi komandalarla eyni səviyyədə ola bilərik. Amma "Barselona", "Real Madrid", PSJ, "Mançester Siti" kimi komandalarla hələ ki eyni səviyyədə deyilik. Bu səviyyəyə çatmağımıza da hələ müəyyən qədər vaxt var.

Futbolçular meydana çıxıb öz oyunlarını göstərəcəklər. Hesab edirəm ki, burada kimisə ayrıca motivasiya etməyə və ya futbolçuları oyuna kökləməyə ehtiyac yoxdur. Rəqib komandanın adı özü bütün oyunçular üçün böyük motivasiyadır. Düşünürəm ki, kollektiv olaraq "Sabah" bu oyunda azarkeşlərin zövq ala bilməsi üçün əllərindən gələni edəcəklər. Bizə də yalnız bu oyunu izləyib ondan həzz almaq qalacaq. Qalib gəlməyimiz çətindir. Düzdür, istənilən halda xal və ya xallar qazana bilərik. Futbolda hər şey mümkündür. Amma "Barselona" kimi bir komandaya, xüsusilə də hazırkı heyətinə nəzər saldıqda, onların gənc və çox dinamik futbolçulardan təşkil olunduğunu görürük. Belə bir komandaya, hətta öz meydanımızda oynasaq belə, qalib gəlmək çox çətindir. Ona görə də yalnız oyundan həzz almaq, qarşılaşmanı izləmək və özünü Çempionlar Liqasında hiss etmək lazımdır. Bu cür nəhəng və top-komandalara qarşı matçları doğma şəhərimizdə izləmək, hesab edirəm ki, bir futbol azarkeşi üçün bundan daha böyük motivasiya ola bilməz.
Oyunun gedişatına gəlincə, təbii ki, dominant tərəfin "Barselona" olacağını düşünürəm. Topa sahib olmaq onların ən güclü tərəflərindən biridir. Bütün oyun boyu bu nəzarəti öz əllərində saxlamağa çalışacaqlar. Əlbəttə, bilmirəm, Lamin Yamal gələcək, ya yox. Çox güman ki, gələcək və bütün heyətlə Bakıya səfər edəcəklər. Cinahlarda çox təhlükəli ola bilərlər. Mərkəzdə isə Pedri, Rodri və digər futbolçular təhlükə yaradacaqlar. Onu deyə bilərəm ki, topa nəzarət və ötürmələrə əsaslanan oyun baxımından bu komanda dünyanın ən yaxşılarından biridir. Bəlkə də bu oyun üslubunu formalaşdıran əsas komandalardan biri məhz "Barselona"dır.
Ona görə də topa sahib olmaq bizim üçün bir qədər çətin olacaq. Amma əks-hücumlar da bizim üçün yaxşı çıxış yolu ola bilər. Çünki "Barselona" nə qədər güclü komanda olsa da, onun mərkəz müdafiəçiləri xüsusilə də Pau Kubarsi hələ gəncdir. Əvvəlki mərkəz müdafiəçiləri ilə müqayisədə zaman-zaman səhvlərə yol verirlər. Dominant tərəf "Barselona" olacaq, biz isə daha çox müdafiəyə çəkilən və sonradan əks-hücumlara bel bağlayan komanda kimi çıxış edəcəyik".
Qeyd edək ki, matç noyabrın 25-də baş tutacaq. Görüşün start fiti saat 21:45-də səsləndiriləcək.
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər