"Uduzsaq belə, nəticəyə görə çox da təəssüflənməyəcəkdik, çünki..." - "Gəncəbasar"ın baş məşqçisi

"Uduzsaq belə, nəticəyə görə çox da təəssüflənməyəcəkdik, çünki..." - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin maraqlı oyunlarından biri "Xankəndi" - "Gəncəbasar" qarşılaşması oldu. Qarabağ təmsilçisinin Şamaxıda 3:2 hesabı ilə yenən Gəncə komandası adını 1/8 finala yazdırdı. "Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Heyətdə ciddi rotasiya etmişdik. Az oynayan futbolçulara şans vermək istədik. Uduzsaq belə, nəticəyə görə çox da təəssüflənməyəcəkdik, çünki mənim üçün bu matçda daha çox az oynayan futbolçuları iş başında görmək istəyirdim. Yəni oyun bu baxımdan önəmli idi. Kuboka yox, çempionata köklənmişik. Bizi səfərdə iki ağır oyun gözləyir. "Səbail" və "Şahdağ"la qarşılaşacağıq. Futbolçularımı təbrik edirəm. 120 dəqiqə o intensivlikdə oynamaq, daim rəqibi təzyiqdə saxlamaq asan deyildi. İkinci hissədə uşaqlar tam dominant futbol sərgilədilər. İki qol buraxdıq ki, bu da konsentrasiyanın itməsi ilə bağlıdır. Ani diqqətsizlikdən yaranan boşluqlardır. Bunun üzərində işləyəcəyik. Rəhbərliyə təşəkkür edirəm. Hər zaman yanımızdadırlar, dəstəklərini əsirgəmirlər. Biz də bu diqqətin, qayğının qarşılığını qələbələrimizlə vermək istəyirik".
Qeyd edək ki, "Gəncəbasar" 1/8 finalda "Şamaxı" ilə üz-üzə gələcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər