David Moyesin istefasından "Mançester Yunayted" müvəqqəti olaraq veteran futbolçu Rayan Giqqzə tapşırıldı. Premyer Liqa klubuna yayda yeni baş məşqçi təyin olunacağı deyilir. Bəs, "qırmızı şeytanlar"ı yeni mövsümdə kim çalışdıra bilər? Fanat.az xəbər verir ki, goal.com bu posta 10 nəfərdən ibarət namizədlər siyahısını hazırlayıb.
Luis van Qaal
"Tottenhem"in də maraq dairəsində olan holland mütəxəssis hazırda əsas namizəd hesab olunur. "Mançester Yunayted" rəhbərliyinin ən çox istədiyi məşqçi indiyədək 3 fərqli ölkədə çempionluq yaşayıb və radikal bir tərzə sahib insandı. Van Qaal DÇ-2014-dən sonra Hollandiya millisindən ayrılacaq.
Rayan Giqqz
Kabus kimi keçən mövsümün son 3 matçında komandaya rəhbərlik edəcək uelsli veteran futbolçu uzun illər "Mançester Yunayted"ə rəhbərlik edə bilər. Futbolçu karyerasını bitirməsi gözlənilən və onsuz da texniki heyətdə yer alan Giqqzin ən böyük əskikiyi məşqçi kimi təcrübəsinin olmamasıdı. Bu da çox mühim qərardı.
Dieqo Simeone
"Atletiko"nu Çempionlar Liqasının yarımfinalına çıxaran və La Liqada çempionluğa əsas namizəd halına gətirən argentinalı mütəxəssis özündən yaxşı mənada söz etdirir. Bazar ertəsi verdiyi açıqlamada "Mançester Yunayted"lə bağlı suallara konkret cavab verməkdən imtina edən Simeone də əsas namizədlərdən biri hesab olunur.
Ser Aleks Ferqyuson
Başqa bir variant isə Aleks Ferqyusonun geri dönməsidi. Klub rəhbərliyi ötən mövsümün sonunda təqaüdə çıxan və yerini David Moyesə verən "Ser" titullu mütəxəssisi qərarını dəyişəməyə razı salmağa çalışır.
Joze Mourinyo
Portuqaliyalı mütəxəssisin Aleks Ferqyusonun xələfi olmaq istəyi hər kəsə bəllidi. Ancaq şotland mütəxəssis təqaüdə çıxanda "Mançester Yunayted" rəhbərliyi Moyesə üstünlük verdi və belədə Mourinyo "Çelsi"yə üz tutdu. İndi "qırmızı şeytanlar"ın portuqaliyalı baş məşqçini "Çelsi"nin əlindən alması çətin görünsə də, mümkündü.
Roberto Martines
David Moyesdən "Everton"un baş məşqçi postunu təhvil alan mütəxəssis qısa zamanda özünə müsbət imic formalaşdıra bilib. İndi onun komandası özündən qat-qat güclü heyətə və maliyyə dayaqlarına sahib olan "Mançester Yunayted"dən 2 pillə yuraxıda qərarlaşıb və Çempionlar Liqasına vəsiqə uğrunda yarışır. Martinesin böyük klub təcrübəsi olmasa da, yaxın gələcəkdə ən yaxşı məşqçilərindən biri olacağı sirr deyil.
Frank De Bur
"Ayaks"la ardıcıl 4-cü çempionluğa yaxınlaşan Frank De Bur baş məşqçi kimi ilk təcrübəsində böyük uğura imza atmağı bacardı. Adı bir müdətdi Premyer Liqa klubları ilə hallanan holland mütəxəssisin qardaşı Ronald De Bur onun ötən il "Liverpul" və "Tottenhem"dən aldığı təklifləri qəbul etmədiyini bildirib.
Antonio Konte
13 il "Yuventus" forması geyinən, 2006-2011-ci illərdə "Arezzo", "Bari", "Atalanta" və "Siena"nı çalışdırdıqdan sonra Turin klubunun başına keçən 44 yaşlı italyan mütəxəssis özünü yaxşı mənada göstərə bilib. Onun rəhbərliyi altında ardıcıl 3-cü çempionluğu qazanmağa hazırlaşan "Yuventus" eyni zamanda Avropa Liqasının yarımfinalına vəsiqə qazanıb. Gənc yaşına rəğmən kifayət qədər təcrübəsi olan Konte "Mançester Yunayted" rəhbərliyinin onunla maraqlanmasına səbəb olub.
Karlo Ançelotti
Futbolun ən hörmətli mütəxəssislərindən biri olan italyan məşqçi Çempionlar Liqasını qazanmaqla yanaşı, 3 fərqli ölkədə çempionluq sevinci yaşayıb. O, "Real"la bu sayı 4-ə çatdıra bilər. Daha əvvəl "Çelsi"ni çalışdırdığından Premyer Liqa təcrübəsi olan Ançelottinin yaşı hələ uzun illər işləməsinə imkan verir.
Rudi Qarsiya
Bu mövsüm rəhbərlik etdiyi "Roma" ilə özündən söz etdirən fransız mütəxəssis paytaxt klubuna gələn mövsüm üçün Çempionlar Liqası bileti qazanıb. 50 yaşlı Qarsiya İtaliyaya gəlməmişdən əvvəl "Lill"ə 56 illik fasilədən sonra sürpriz Fransa çempionluğu yaşatmışdı.
Fanat.az