İspaniya millisinin və “Mançester Siti”nin əfsanəvi futbolçusu David Silva 40 yaşında peşəkar futbola qayıdıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “Reuters” yayıb.
Silva Honq Konq Premyer Liqasında çıxış edən “Supreme Şa Tin” klubuna qoşulub. 2023-cü ildə “Real Sosyedad”da keçirdiyi mövsümöncəsi hazırlıq zamanı dizindən ciddi zədə alan ispaniyalı futbolçu karyerasını başa vurmuşdu.
Lakin üçillik fasilədən sonra Silva yenidən yaşıl meydanlara dönmək qərarına gəlib. O, Honq Konqa gedərək komandanın məşqlərinə qoşulacaq və fiziki hazırlığını bərpa etdikdən sonra debüt edəcək. Onun ilk oyununa 18 oktyabrda “Honq Konq” ilə qarşılaşmada çıxması gözlənilir.
Silva yeni komandasında çıxış edəcəyi üçün sevincini ifadə edib:
“Honq Konqa gedərək yerli mədəniyyəti, insanları, Şa Tin bölgəsinin yeməklərini və əlbəttə ki, Honq Konq futbolunu yaxından tanımaq üçün səbirsizlənirəm”.
David Silva “Mançester Siti”də keçirdiyi 10 mövsümdə 4 dəfə İngiltərə çempionu olub. O, İspaniya millisinin heyətində isə 2010-cu ildə dünya çempionu, 2008 və 2012-ci illərdə Avropa çempionu adını qazanıb.
Əlisahib İbrahimli