İspaniyanın "Real Madrid" klubu İngiltərənin "Mançester Yunayted" (Manchester United) komandasının 16 yaşlı istedadı Jozef Junior Qabrielin (Joseph Junior Gabriel) transferini reallaşdırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.
Mənbənin məlumatına görə, futbolçunu heyətinə qatmaq istəyən "Barselona" (Barcelona) yüksək maliyyə tələbləri səbəbindən transfer danışıqlarından geri çəkilib.
Bildirilir ki, Kataloniya təmsilçisi gənc hücumçunun nümayəndələri ilə bir müddət danışıqlar aparsa da, transferin ümumi dəyərinin təxminən 10 milyon avroya çatması klub rəhbərliyini bu addımdan imtina etməyə vadar edib.
Jurnalist Sique Rodriqesin (Sique Rodríguez, Sique Rodriguez) sözlərinə görə, "Mançester Yunayted"ə təxminən 350 min avro təlim kompensasiyası ödənilməsi gözlənilsə də, futbolçunun maaşı, ailəsinə nəzərdə tutulan ödənişlər və vasitəçilərin komissiyaları ümumi məbləği xeyli artırır.
"Barselona"nın geri çəkilməsindən sonra "Real Madrid" transfer yarışında əsas namizədə çevrilib. Madrid klubu futbolçunun və nümayəndələrinin maliyyə tələblərini qarşılamağa hazırdır.
Qeyd edək ki, Qabriel noyabrın 17-də "Mançester Yunayted"dən ayrılacağını açıqlayıb. Bununla yanaşı, İngiltərə klubu futbolçunun ayrılması ilə bağlı hüquqi addımlar atma ehtimalını da araşdırır. Beləliklə, transferin yekunlaşması hələ müəyyən hüquqi suallardan asılıdır.
Əlisahib İbrahimli