İkinci Liqanın sonuncu - 11-ci turunda "Haypers"lə görüşən "Zəngəzur" gözlənilmədən xal itirib. Debütant 2:0 öndə olduğu matçdan sonda bərabərliklə (2:2) ayrılmalı olub.
Komandanın məşqçisi Vüsal Səfərov Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:
"Oyunla bağlı nə deyə bilərəm? Yaxşı başladıq, birinci hissədə istədiyimiz qolu vurduq. İkinci hissəyə də yaxşı start verdik, yenə fərqlənib hesabı 2:0 etdik. Hər şey istədiyimiz kimi gedirdi. Sadəcə, sonradan bəzi problemlər oldu. Əslində, taktiki sxemi dəyişməli deyildik. Biz oyunun gedişində 4-4-2 sxeminə keçdik. Ona görə də problemlər oldu. Halbuki, 5-4-1-lə oynayırıq. Oyunun gedişatında dəyişiklik etdik ki, bəzi futbolçularımız da meydana daxil olsun. Növbəti turdakı görüşü düşünərək bu addımı atdıq. Əslində, səhv bizdədir, gərək eləməzdik. Burada hesabı qoruyub saxlamalı idik. Ancaq taktiki dəyişiklikdən sonra önə atıldıq və bunun nəticəsində iki qol bıraxtıq.
"Marafon"la oyunu öncədən düşünməyimiz səbəbsiz deyildi. Bizdə bəzi oyunçular zədədən dönmüşdülər, ancaq məşqə çıxmamışdılar. Biz, gələcək oyunu fikirləşərək onları da meydana buraxdıq ki, "Marafon"la matça hazır olsunlar, ən azından gücləri olsun. Onların isə gücü olmadı, bizə köməkləri dəymədi. Əksinə oyun intizamı pozuldu və nəticədə hesab 2:2 oldu. Halbuki hər şey istədiyimiz kimi gedirdi, onun üstünlüyü bizdə idi. Üç xaldan olduq, daha doğrusu, bir xalla kifayətləndik. Səhvi özümüzdə görürük. İnşallah, növbəti matçlarda bu xal itkisini sığortalamağa çalışacağıq".
"Zəngəzur" birinci dövrəni 22 xalla 4-cü yerdə başa vurub.
Mirağa